Azərbaycan

 

30 yanvar 1920 – Əməkdar incəsənət xadimi, kinooperator Teyyub Mirzəhəsən oğlu Axundov (1920 – 3.12.1991) anadan olub. “Onu bağışlamaq olarmı?”, “Sehrli xalat”, “Dağlarda döyüş”, “Tütək səsi” və s. filmlərin operatorudur.

30 yanvar 1935 – Əməkdar rəssam Gennadi Demyanoviç Brijatyuk (1935 – 11.6.2008) Gəncə şəhərində anadan olub. Yaradıcılığında gül təsvirləri, Abşeronla bağlı peyzajlar, qadın portretləri daha çox yer tutur.

30 yanvar 1936 – Əməkdar rəssam Əli Verdiyev (1936 – 8.5.2020) Lənkəranda anadan olub. Portret, mənzərə, natürmort və digər janrlarda əsərlərin, çoxfiqurlu tabloların müəllifidir: “Babəkin savaşı”, “Hüseyn Cavid”, “Qızıl toy” və s.

30 yanvar 1936 – Əməkdar elm xadimi, ədəbiyyatşünas Araz Məmməd Arif oğlu Dadaşzadə (1936 – 4.11.1990) anadan olub.

30 yanvar 1948 – Xalq artisti, tanınmış vokal ifaçısı Elxan Yəhya oğlu Əhədzadə (1948 – 8.10.2010) Bakıda doğulub. Akademik Musiqili Teatrda, Mahnı Teatrında çalışıb.

30 yanvar 1943 – Tanınmış aktyor Ələsgər Əli oğlu İbrahimov (1943 – 10.3.1983) anadan olub. “İnsan məskən salır”, “Yeddi oğul istərəm”, “Torpaq. Dəniz. Od. Səma.” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

31 yanvar 1879 – Tanınmış satirik şair Səməd Mənsur (Səməd Hacı Əhməd oğlu Kazımov; 1879 – 3.1.1927) Bakının Əmircan kəndində doğulub. “Molla Nəsrəddin”, “Şeypur” və s. jurnallarda şeirləri dərc edilib. “Səfa” cəmiyyətinin yaradıcısı olub, cəmiyyətin nəzdindəki teatr üçün pyeslər yazıb, tərcümələr edib.

31 yanvar 1884 – Görkəmli ictimai-siyasi xadim, yazıçı-publisist Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə (1884 - 6.3.1955) Bakının Novxanı kəndində doğulub. Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banisidir, Cümhuriyyətin süqutundan sonra Avropada, Türkiyədə Azərbaycan mühacirətinə rəhbərlik edib, jurnal və qəzetlər nəşr etdirib. “Çağdaş Azərbaycan ədəbiyyatı”, “Çağdaş Azərbaycan tarixi” və s. əsərlərin müəllifidir. Məzarı Ankaradadır.

31 yanvar 1903 – Əməkdar rəssam, tanınmış boyakar və qrafik Ələkbər Ələsgər oğlu Rzaquliyev (1903 – 31.1.1974) Bakıda anadan olub. “Köhnə Bakı” silsiləsi , “M.Ə.Sabir”, “Çaybecərənlər” və s. linoqravüraların müəllifidir. 30-40-cı illərdə repressiyaya məruz qalıb, həbs və sürgün edilib.

31 yanvar 1915 – Xalq artisti Vera Karlovna Şirye (1915 – 5.5.2003) Bakıda anadan olub. 1933-cü ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası olub, “İstiqlal” ordeni (2000) ilə təltif olunub.

31 yanvar 1918 – Xalq artisti Konstantin Nikolayeviç Bataşov (1918-1991) Tiflisdə doğulub. Akademik Opera və Balet Teatrının balet artisti olub, Bakı Xoreoqrafiya Məktəbində dərs deyib.

31 yanvar 1924 – Şair, Əməkdar incəsənət xadimi Əli Tudə (Əli Əliqulu oğlu Cavadzadə; 1924 – 26.2.1996) Bakıda doğulub. 1940-cı illərdə Cənubi Azərbaycanda azadlıq hərəkatının öncüllərindən olub.

31 yanvar 1963 – Görkəmli aktyor, SSRİ Xalq artisti Ələsgər Hacıağa oğlu Ələkbərov (26.3.1910 – 1963) vəfat edib. 1933-cü ildən Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Filmlərdə (“Fətəli xan”, “Böyük dayaq” və s.) unudulmaz obrazlar yaradıb.

 

1 fevral 1935 – Yazıçı-publisist Nazim Sadiq oğlu İbrahimov (1935 – 1.9.2019) Bakıda doğulub. Poliqrafiya və Kitab Ticarəti Komitəsinin sədri, “Azərbaycan” nəşriyyatının baş direktoru işləyib. Ali Sovetin deputatı olub.

1 fevral 1948 – Əməkdar artist Əli Fərman oğlu Allahverdiyev (1948 – 15.6.2010) Samux rayonunda doğulub. Gəncə Dövlət Dram Teatrının aktyoru olub.

1 fevral 2004 – Xalq artisti, rejissor, aktyor Lütfi Şahbaz oğlu Məmmədbəyov (6.2.1927 - 2004) vəfat edib. Televiziya tamaşalarına quruluş verib. “Qızmar günəş altında”, “Səhər”, “Sehrli xalat” və s. filmlərdə çəkilib.

 

2 fevral 1912 – Xalq artisti, rejissor, Dövlət mükafatı laureatı Məhərrəm Kazım oğlu Haşımov (1912 – 2.5.1969) Bakıda doğulub. Gənc Tamaşaçılar Teatrında, Rus Dram Teatrında baş rejissor işləyib. “Azərbaycanfilm” kinostudiyasının direktoru (1960-1965) olub.

2 fevral 1932 – Dilçi alim, akademik Ağamusa Ağası oğlu Axundov (1932 – 5.9.2015) Kürdəmirdə doğulub. AMEA-nın Humanitar və ictimai elmlər bölməsinin akademik katibi olub.

2 fevral 1936 – Əməkdar incəsənət xadimi, bəstəkar Rəşid Rza oğlu Məmmədov (1936-2006) Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında bir çox tamaşalara musiqi yazıb.

2 fevral 1942 – Əməkdar mədəniyyət işçisi, aşıq Yanvar Piralı oğlu Bədəlov (1942 – 27.12.2018) İsmayıllı rayonunun Tircan kəndində doğulub.

2 fevral 1955 – Əməkdar artist Muxtar Şahmar oğlu İbadov (1955 – 23.9.2013) Balakən rayonunda doğulub. Şəki Dram, Dövlət Gənclər teatrlarının aktyoru olub, filmlərə çəkilib.

2 fevral 1983 – Xalq yazıçısı Əli Qara oğlu Vəliyev (27.2.1901 – 1983) vəfat edib. “Nənəmin cəhrəsi”, “Qarlı dağlar”, “Ürək dostları”, “Anaqız”, “Ötən günlər” və s. kitabların müəllifidir.

 

Dünya

 

30 yanvar 1720 – İtalyan rəssamı, Venesiya məktəbinin nümayəndəsi Bernardo Belotto (Bernardo Francesco Paolo Ernesto Bellotto; 1720-1780) anadan olub.

30 yanvar 1923 – Kinorejissor, SSRİ Xalq artisti Leonid Qayday (1923 – 19.11.1993) anadan olub. Populyar sovet kinokomediyalarının (“I əməliyyatı”, “Qafqaz əsiri”, “Brilyant əl”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s.) müəllifidir.

30 yanvar 1928 – Amerika blüz musiqisinin tanınmış simalarından olan müğənni Rut Braun (Ruth Brown; 1928-2006) anadan olub.

 

31 yanvar 1797 – Avstriya bəstəkarı Frans Şubert (Franz Peter Schubert; 1797-1828) anadan olub. “Alfonso və Estrella” operası, simfoniya, mahnı və romansların müəllifidir.

31 yanvar 1924 – Gürcü kinorejissoru, SSRİ Xalq artisti Tengiz Abuladze (1924-1994) anadan olub. Filmləri: “Mən, nənəm, İliko və İllarion”, “Arzu ağacı”, “Tövbə” və s.

 

1 fevral 1895 – Amerika kinorejissoru Con Ford (John Ford – John Martin Feeney; 1895-1973) anadan olub. 4 dəfə “Oskar” mükafatına layiq görülüb.

1 fevral 1999 – Məşhur türk musiqiçisi, bəstəkar Barış Manço (2.1.1943 - 1999) vəfat edib. Türkiyədə rok musiqisinin öncüllərindən biridir. 200-dən çox mahnı yazıb. Hazırladığı televiziya proqramları ilə bir çox ölkələrdə səfərdə olub.

 

2 fevral 1873 – Avstriya bəstəkarı Leo Fall (1873-1925) anadan olub. “Madam Pompadur”, “Dollar şahzadəsi” və s. operettaların müəllifidir.

2 fevral 1882 – İrland yazıçısı və şairi, modernizmin nümayəndəsi Ceyms Coys (James Augustine Aloysius Joyce; 1882-1941) anadan olub.

Hazırladı:  Vüqar ORXAN