Nizami Gəncəvinin “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. “Xəmsə”yə daxil olan beş poema-məsnəvidə dövrün və əslində bütün zamanların ən humanist, ümumbəşəri ictimai, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapıb.

“Nizami Gəncəvi İli” qüdrətli söz ustadının misilsiz xəzinə olan ədəbi irsinin təbliği, eyni zamanda tədqiq edilməsi və öyrənilməsi üçün yeni zəmindir.

“Nizami sözündən incilər”də dahi şairin möhtəşəm beşliyindən seçmələri oxucuların diqqətinə çatdırmağa davam edirik.

Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da.

(“Leyli və Məcnun”)

Adil ol, şad yaşa ömrünü bütün,
Olmasın əlində açılmaz düyün.

(“İsgəndərnamə” – “İqbalnamə”)

Hər bir dərdə qatlaş, möhkəm duraraq,
Gözlə ki, basmasın yük səni ancaq.

(“Xosrov və Şirin”)

Mərdə layiq sifət deyildir, inan,
Ki, bal oğurlansın bal arısından.

(“Yeddi gözəl”)

Vəhşiyə dost olsa insan dünyada,
Vəhşi adətincə ömr edər o da.

(“Leyli və Məcnun”)

Dünyanı namusla olur saxlamaq,
Onunla ucalır dövlət və bayraq.

(“İsgəndərnamə” – “Şərəfnamə”)

Yaxşı ad qazanmış gözəl dost ara,
Ondan yetişərsən ağ günə, vara.
Xoş ətirli bir dost yaxşıdır, inan,
Hərzə-hərzə durub danışanlardan.

(“Yeddi gözəl”)

El gücü sel gücüdür, hər an çəkin bu seldən,
Yataqda da can alar qisas oxu qəfildən.
Xalqa divan tutanı divan gözlər hər yanda,
Məzlumların fəryadı qorxuludur cahanda.

(“Sirlər xəzinəsi”)