Fevralın 5-i böyük bəstəkar, pedaqoq, akademik, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin (1918-1982) anadan olmasının 103-cü ildönümüdür. Qara Qarayev dünya musiqi xəzinəsinə daxil olan “Yeddi gözəl”, “İldırımlı yollarla” baletlərinin, simfoniyaların, “Leyli və Məcnun” simfonik poemasının, digər musiqi əsərlərinin müəllifidir.

1952-ci ildə premyerası olan “Yeddi gözəl” baleti indiyədək bir sıra ölkələrin səhnələrində tamaşaya qoyulub. 2018-ci ildə Qara Qarayevin 100 illik yubileyi münasibətilə “Yeddi gözəl” Moskvada məşhur balet ustası, SSRİ Xalq artisti Vyaçeslav Qordeyevin rəhbərlik etdiyi “Rus baleti” Dövlət Teatrının ifasında nümayiş olunmuşdu.  

“Yeddi gözəl” baleti fevralın 9-da Moskva Quberniya Teatrında nümayiş etdiriləcək.  “Rus baleti” Dövlət Teatrının ifasında təqdim ediləcək tamaşa dünya şöhrətli bəstəkarın anadan olmasının 103-cü ildönümünə həsr olunur.

Qara Qarayevin dahi şair Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının motivləri əsasında yazdığı baletin daha bir nümayişi 30 martda keçiriləcək. Bu dəfə tamaşa Nizami Gəncəvinin 880 illiyi münasibətilə təqdim olunacaq.

Tamaşanın yeni redaksiyasını görkəmli baletmeysterlər, Azərbaycanın xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədova məxsus quruluş əsasında Əməkdar artist Vitali Axundov hazırlayıb.