Görkəmli Azərbaycan şairi, mütəfəkkir Nizami Gəncəvini bizdən səkkiz əsr ayırır. Onun əsərlərindəki xəlqilik, vətənpərvərlik və beynəlmiləlçilik kimi ideyalar dünyaya səs salıb, insanlığı düşündürüb. Nizami əsərləri qələmə alındığı dövrdəki kimi, bu gün də müasirliyini, aktuallığını qoruyub saxlayır. Təsadüfi deyil ki, dahi şairin irsi özündən sonra gələn Şərq müəllifləri üçün ədəbi məktəb olub, bədii yaradıcılıqda meyar kimi qəbul edilib.

Nizamiyə bənzəmək, onun hikmət xəzinəsi olan “Xəmsə”si səviyyəsində əsər yazmaq əsrlər boyu Şərq poeziyasında şairlik imtahanı hesab edilib. Mənbələrdə qeyd olunur ki, şairin “Sirlər xəzinəsi”, “Xosrov və Şirin” və “Leyli və Məcnun” poemalarına ayrı-ayrılıqda 40-dan çox nəzirə yazılıb. Hind şairi Əmir Xosrov Dəhləvi, fars-tacik şairi Əbdürrəhman Cami, özbək şairi Əlişir Nəvai və Azərbaycan şairi Əşrəf Marağayi kimi böyük sənətkarlar Nizami Gəncəvini özlərinə ustad biliblər.

Dahi şairin “Xəmsə”sinə nəzirə olaraq özbək dilində “Xəmsə” yaradan şairlərdən biri də Əlişir Nəvaidir. Onun “Xəmsə”sinə “Fərhad və Şirin”, “Leyli və Məcnun”, “Səddi-İsgəndəri”, “Səbeyi-səyyarə”, “Heyrətül-əbrar” əsərləri daxildir. Bu yazıda Nizaminin “Xosrov və Şirin” əsəri ilə Nəvainin “Fərhad və Şirin”i haqqında, onların özünəməxsusluqları haqqında qısa söz açacağıq.

“Fərhad və Şirin” Nəvai “Xəmsə”sinə daxil olan ikinci əsərdir. Müəllif bu poemanı 1484-cü ildə qələmə alıb. “Xosrov və Şirin” poemasına nəzirə yazılan əsərin vəzni də Nizami poemalarında olduğu kimi həzəc bəhrindədir.

Əlişir Nəvai (1441-1501) özündən əvvəlki şairlərdən fərqli olaraq əsəri fars dilində yox, özbək dilində qələmə alıb. Şair bu əsərində özbək xalqının, eyni zamanda türkdilli xalqların adət-ənənəsini, istək və arzularını tərənnüm edib.  Əsərlər bir-birinə formaca oxşasa da, məzmunca tamam fəqlidir. Belə ki, Əlişir Nəvainin qəhrəmanı Fərhad Çin xaqanının oğludur. Əsərdə göstərilir ki, Fərhadın atası oğlu üçün qəsr tikdirmək istəyir. Bunun üçün Xəta vilayətinin iki məşhur sənətkarını – rəssam Manini və memar Banini ölkəsinə dəvət edir. Sənətkarlar dərhal Fərhad üçün saray tikməyə başlayırlar. Fərhad hər gün bu sənətkarların yanında olur. Onların hünərinə heyran qalır. Bundan sonra o özü də memarlıq və rəssamlıq sənətlərini öyrənmək istəyir. Atasından icazə alaraq dörd il bu tikinti işlərində yaxından iştirak edir. Mahir bir daşyonan olur. Günlərin bir günü o, atasının xəzinəsinə baş çəkir. Orada bir güzgü görür. Məlum olur ki, bu güzgü hər kəsin başına gələcək hadisəni qabaqcadan aşkar edir. Fərhad güzgünün sirrini bilmək üçün Yunanıstana yola çıxır. Yunan dağlarında Süheyla adlı bir həkimlə qarşılaşır. Həkim ondan nə məqsədlə gəldiyini soruşur. Ona Cəmşidin camını tapmaq üçün məsləhətlər verir. Fərhad həmin yolla gedir. Yolu üstünə çıxan əjdaha və divləri öldürür. İsgəndərin tilsimlərini qırır. Çoxlu xəzinə əldə edir. Yunan xalqı onu alqışlarla qarşılayır. Fərhad Yunanıstandakı zülmü aradan qaldırır və ədaləti bərpa edir.

Əsərdə deyilir ki, bundan sonra Fərhad Çinə doğru yol alır. Bir gün Yunanıstanda aldığı təlimlər əsasında güzgüyə baxır. Özünü həmişəlik qəmli və kədərli görür. Güzgü Fərhadı başına gələcək bir çox hadisələrdən agah edir. Burada Fərhad həmçinin Ərmənzəmində yaşayan Şirinin camalını görür və o gündən qıza vurulur. Şirin eşqinin əsiri olur. Fərhad Şirini tapmaq üçün dəniz səyahətinə çıxır. Yolda gəmisi tufana düşür və dənizdə qərq olur. O, bir taxta üzərinə çıxır. Külək Fərhadı Yəmən vilayətinə və Taif sərhədinə tərəf aparır. Gəmi ilə üzən tacirlər Fərhadı xilas edirlər. Sonra Fərhad rəssam Şapurla tanış olur. Fərhadla Şapur Yəmən mülkündən Ərmənzəminə tərəf birgə yola çıxırlar. Uzun müddət yol getdikdən sonra birgə Ərmən mülkünə çatırlar. Onlar yüksək bir dağa rast gəlirlər. Burada çoxlu adam bu dağı yarmaqla məşğul olur. Öyrənirlər ki, bu Məhinbanunun əmridir. Fərhad onlara kömək etmək qərarına gəlir və işə başlayır. Çox çəkmədən pəhləvan Fərhadın şöhrəti hər tərəfə yayılır. Xəbər Məhinbanuya da gedib çatır. O, Şirinlə birgə Fərhadı yaxından görmək üçün dağa gedir. Fərhadın məharəti onları heyran edir. Fərhad güzgüdə görüb aşiq olduğu Şirini tanıyır.

Nəvai Fərhadı cəsur, igid və hazırcavab kimi təsvir edir. Fərhadla Xosrovun deyişməsini iki bərabər sərkərdənin zəka mübarizəsi kimi verir. Fərhad Xosrovun qarşısında əsir olsa da, öz mənliyini, vüqar və mətanətini qoruyur. Xosrovun suallarına ağıllı cavablar verir:

Dedi: - Ey divanə, haralısan sən?
Dedi: - Divanələr tanımaz vətən.
Dedi: - Nə seçmisən özünə peşə?
Dedi: - Rüsvayi-eşq olmaq həmişə.
Dedi: - Eşq odundan söylə bir əfsanə.
Dedi: - Yanmayanda yox bu nişanə.

Nizaminin Şirinindən fərqli olaraq, Nəvainin Şirini Fərhadı sevir. Şapur isə məhbus Fərhadla görüşür, əlaqə saxlayır. Onun ruhən və cismən çəkdiyi əzabları Məhinbanuya danışır...

Əlişir Nəvai özbək xalqının arzularını Fərhadın timsalında təqdim edir. Oxucu cəsurlara xas olan ən ülvi keyfiyyətləri Fərhad obrazında görür. Şair onu erkən çağlardan elmi sevən, qələmlə yanaşı, külünglə də davranmağı bacaran və daşyonan bir şəxs kimi təqdim edir. Nizaminin “Xosrov və Şirin” əsərindəki Şirin surəti ilə Nəvainin Şirininin oxşar cəhətləri çoxdur. Hər iki şairin Şirini məhəbbət, vəfa və nəciblik simvoludur. Lakin Nəvai ona Xosrovu yox, Fərhadı sevdirib...

Dahi Əlişir Nəvai özündən əvvəlki sələflərini təkrar etməmək üçün əsərin süjet və obrazlarında maraqlı və diqqətçəkən dəyişikliklər edib. Qəhrəmanları ilə bağlı fərqli yanaşma və təsvirlərə geniş yer verib.

Deməli, Nizami mövzuları, onun ədəbi təsiri yeni ideyalara yelkən açıb, yaradıcı düşüncənin zənginləşməsinə öz töhfəsini verib. Nizaminin təsir dairəsi o qədər geniş, o qədər dərindir ki, gələcəkdə də bu hikmət xəzinəsindən hər kəsə pay çatacaq.

Savalan FƏRƏCOV