Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü, Azərbaycan Mədəniyyət Nazirliyi, Özbəkistandakı səfirliyimiz, habelə Özbəkistan Milli Mətbuat Agentliyinin dəstəyi ilə 2021-ci il üzrə Özbəkistan KİV-ləri arasında ölkəmiz haqqında müxtəlif nominasiyalar üzrə müsabiqə elan edilib.

Ənənəvi müsabiqəyə 2020-ci ilin Vətən müharibəsi, əldə olunan tarixi Zəfər, o cümlədən Şuşa şəhərinin azad olunması münasibətilə “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” adlı nominasiya da daxil edilib. Müsabiqədə Azərbaycanın qədim şəhəri, Qarabağın mərkəzi Şuşanın tarixi, mədəniyyəti, turizm ehtiyatları, tanınmış şuşalılar, mədəniyyət və sənət beşiyi Şuşanın azad olunması uğrunda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi rəşadət, işğal dövründə mədəni irsimizin dağıdılması, Şuşanın abidələri, şəhərin Azərbaycan mədəniyyətinə verdiyi töhfələr və s. barədə məlumatlara üstünlük veriləcək.

2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar builki müsabiqənin nominasiyalarından biri də dahi şairə həsr edilib. 2021-ci ildə qardaş ölkənin telekanallarında ölkəmizə, Azərbaycan-Özbəkistan dostluğuna dair nümayiş etdiriləcək verilişlərə daha çox diqqət yetirilməsi nəzərdə tutulub, ötən ildə olduğu kimi, bu il də müsabiqədə “İlin ən yaxşı televiziya verilişi” adlı nominasiya saxlanılıb.

Bundan başqa, “İlin ən yaxşı sənədli filmi, videoçarxı və səhnə əsəri” adlı nominasiya da müəyyənləşdirilib. Azərbaycan haqqında ilin ən yaxşı layihələri, tərcümə əsərləri, tərcüməçiləri də qiymətləndiriləcək.

Azərbaycan-Özbəkistan dostluğu, ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, iqtisadiyyatı, turizmi haqqında ən çox material dərc edən və yayımlayan mətbu orqanlara da (qəzet, jurnal, sayt, televiziya kanalı) xüsusi mükafatlar təqdim ediləcək.

Müsabiqəyə bu ilin dekabr ayında yekun vurulacaq.