Azərbaycan dünyaya söz sənəti xəzinəsini nadir incilərlə zənginləşdirən böyük sənətkarlar bəxş etmişdir. Onların sırasında Nizami Gəncəvi yaradıcılığı öz möhtəşəmliyi, müdrikliyi və həyatiliyi ilə ən uca zirvədədir. Nizami o sənətkarlardandır ki, əsərlərinin dərin fəlsəfi məzmununu yüksək poetik ifadə ilə, aydın, anlaşıqlı bir tərzdə oxucularına çatdıra bilir. Nizaminin bütün zamanlar üçün bəşəri olan bədii irsi bu gün də ən yüksək insani duyğuların toplandığı mənəvi xəzinə kimi sevilir.

Nizami Gəncəvi dünya ədəbiyyatında, Şərq poeziyasında “Xəmsə” adlanan poemalar silsiləsinin əsasını qoymuşdur. O, “Xosrov və Şirin”, “Yeddi gözəl”, “İsgəndərnamə” poemalarında klassik Şərq şeirinin nadir söz sərrafı sayılan Firdovsinin qəhrəmanlarına müraciət etmiş, “Şahnamə” müəllifini “sözü gəlin kimi bəzəyən tuslu ustad şair” adlandırmışdır. Firdovsi ömrünün otuz ilini “Şahnamə” epopeyasının yazılmasına sərf etmiş, ulu Nizami isə otuz il müddətində hər biri Firdovsinin “Şahnamə”sinə bərabər olan, bir “Xəmsə”də birləşən beş poeması ilə böyük şöhrətə yetmişdir. 

Əsrlərdir Nizami Gəncəvi irsi dünya ədəbiyyatşünaslarının diqqət mərkəzində olaraq tədqiq edilir. Ölkə başçısının sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi mütəfəkkir şairin irsinin təbliğ edilməsi sahəsində yeni əsərlərin yaranmasına rəvac verir. Milli teatr sənətimizdə özünün fərdi yaradıcılıq üslubu, mənəvi və intellektual dünyası ilə seçilən şair-dramaturq İftixarın (İftixar Piriyev) tarixi mövzulu “Qurtuluş dastanı”, “Qurtuluşa gedən yol”, “Naxçıvannamə – Kalbalı xan Kəngərli”, “Haqq mənəm”, “Memar Əcəmi Naxçıvani” pyesləri sırasına yenicə qələmə aldığı “Könüllər mülkünün sultanı – Şeyx Nizami Gəncəvi” dramı da daxil oldu. Müəllif əsərin qəhrəmanını “Könüllər mülkünün sultanı” adı ilə təqdim edir və Nizami şəxsiyyətinə, Nizami dühasına tükənməz sevgi və həssaslıqla yanaşır.

Gözəl poetik cəhətləri ilə seçilən dramın fəlsəfi idrak dünyasının ovqatına köklənirik.  Pyesdə bəşəriyyətin bədii fikir salnaməsində əzəmətli zirvə fəth etmiş qüdrətli söz və fikir ustadının bədii obrazı dövrün mürəkkəb hadisələri fonunda canlandırılır. Əsas söykənc yeri dahi şairin bəşəri duyğularının vəsfi olan pyesin süjet xəttindəki hadisələr Dərbənd əmiri Bəybarsın sarayında, Gəncə əmiri Fəxrəddinin sarayında, Şamaxıda Şirvanşah Axsitanın sarayında, Təbrizdə Qızıl Arslanın sarayında və Gəncədə Nizami Gəncəvinin evində baş verir.

Proloq, epiloq və on beş şəkildən ibarət ikihissəli mistik, tarixi dramın obrazları – tarixi şəxsiyyətlərin, görkəmli söz ustadlarının bədii surətləri, müəllif təxəyyülündən qaynaqlanan personajlar təqdim olunan süjet xəttinin arealında bitkin kompozisiya yaradır. Böyük şairin həm şəxsiyyətinin böyüklüyünü və bütövlüyünü, həm də onun yaradıcılıq qüdrətinin fəlsəfi mahiyyətini açan bu səhnə əsəri orijinallıq nöqteyi-nəzərindən xüsusilə qeyd olunmalıdır. Müəllif əsəri tamaşaya hazırlayacaq rejissorlara tövsiyə edir ki, mistik səhnələrin kölgə teatrı elementləri vasitəsilə canlandırılması məqbuldur. Bunun qayəsində müəllifin teatr sənəti ünsürlərinin, komponentlərinin dərin bilicisi olması amili dayanır.

Əsərin proloqu – mistik-batini işıqlanma vasitəsilə təqdim edilir. Gəncədə Nizaminin evinin dərinliyindən doğan günəşin şəfəqlərinin Şeyx Nizami Gəncəvidən zühur etdiyi görünür. Nizami dərinlikdən öz nuru ilə önə doğru irəlilədikcə qeybdən Şeyx Nizaminin səsi eşidilir: “Mən eşq şairiyəm. Ancaq əsas qayəm, həqiqəti günəş kimi insanların könlünə həkk etməkdir. Həqiqət mənim üçün uludur. İstərəm ki, ...hər kəsin könlündə insanlıq fidanı cücərsin. Çünki insan həqiqətin özüdür. Mən nəfsimin şairiyəm, saraylarda deyil, hürriyyətimdə yaratmaq istəyirəm” sözlərində dramaturq təxəyyülünün sehri ilə Nizami dühasının həqiqət fəlsəfəsinin qüdrəti nümayiş olunur. Nizami obrazı pyesin əvvəlindən sonuna kimi ilahi varlıq zirvəsində təqdim edilir.

Pyesin əvvəlində Dərbənd əmiri Bəybars öz məclisində Qarabağdan gələn Ərbək Qarabağinin ifa etdiyi “Qarabağ şikəstəsi”ni və Nizaminin qəzəllərini heyranlıqla dinləyir, Nizamini zəmanənin söz tanrısı, onun qəzəllərini əsrin idrak fatehi adlandırır və böyük şairə ehtiram olaraq öz töhfəsini göndərir. Nizami şeirinin qüdrətini dövrün bir sıra “saray şaircikləri” qəbul edə bilmir və ona sui-qəsd etmək üçün müxtəlif yollar arayırlar. Bu xəbəri Nizamiyə Qumda yaşayan qardaşı Qivami Mütərrizi gətirir: “Mən anlaya bilmirəm, nədən cahanın hər yerində səni sevirlər, öz doğma Gəncəmizdə sənə tuzaq qurmağa qalxırlar?”. Nizami isə, “məni Gəncədə də sevirlər, ancaq, ləl öz mədənindən çıxmayınca ona qiymət verilməz” deyə, Gəncəni heç yerə dəyişməyəcəyini bildirir. 

“Memar Əcəmi Naxçıvani” pyesində olduğu kimi, bu əsərdə də İftixar yenidən doqquz əsr geriyə boylanaraq oxucunu xəyalən Nizami dövrünün hadisələrinin içinə dəvət edir. Nəql edilən epizodlar tarixdən götürülmüş olsa da, əsas dramatizm müəllif təxəyyülünün məhsuludur. Şeyx Nizami Gəncəvi, Atabəy Qızıl Arslan, Şirvanşah Axsitan, Memar Əcəmi, Gəncə əmiri Fəxrəddin, Xaqani Şirvani, Məhsəti Gəncəvi, Əbülqasım Firdovsi, Ömər Xəyyam, Afaq, həmçinin Nizami poemalarının qəhrəmanları olan Xosrov, Şirin, Leyli, Məcnun, İsgəndər, Nüşabə və digər obrazların dialoqlarında, baş verən hadisələrin təsvirlərində İftixarın tarixə saldığı işıq “məna gövhərini dənizlərdən çıxaran” Nizaminin bədii obrazını xüsusi ecazla rövnəqləndirir.

Nizami əsərlərinin cahanda yayılması, ona şöhrət gətirməsi məqsədilə türk dilində yazdığı divanını Şirvanşah Axsitana hədiyyə edir. Şirvanşah Axsitanın sarayında Mirzə Qəyyum Nizaminin iyirmi beş minlik divanı haqda fikirlərini bölüşür, amma şeir dilinin fars dili, döyüş dilinin isə türk dili olmasında israr edir. Şirvan əmiri Nizamiyə şeirlə müraciət edib “Türk dili yaraşmaz şah nəslimizə, əskiklik gətirər türk dili bizə…” söyləyərək ondan “Leyli və Məcnun” əfsanəsinə uyğun əsər yazmağı rica edir. Nizami təklifi nifrətlə qarşılayır və “mən hansı dildə yazacağıma özüm qərar verirəm”, söyləyir, əsəri yazmaqdan imtina edir, amma sonra oğlunun xahişi ilə poemanı qələmə alır. Nizami farsca yazmasına baxmayaraq, bütün əsərlərində türk ifadələri, hikmətli sözlər və zərb-məsəllərdən geniş istifadə edir. Pyesdə də bu məqam diqqətdədir. Müəllifin poetik ünsiyyət vasitələri ilə təqdim etdiyi şeir parçaları əbədiyyət şairinin varlığı ilə ruhi bağlılıqda harmonik vəhdət sərgiləyir və əsərin məna ifadəliliyini artırır. 

Birinci hissənin sonunda Dərbənd əmiri Bəybars Afaqı Nizamiyə kəniz kimi göndərsə də, şair Afaqın təmiz xislətini görüb, “Sən bu gündən hürrsən, Afaq. Kənizim deyil, zövcəmsən”, söyləyir və humanistlik edərək onu özünə ömür-gün yoldaşı seçir. Dünya şairləri içərisində qadına belə yüksək qiymət verən insan ancaq Nizami olmuşdur. “Xəmsə”dəki bütün əsərlərində Şirin, Leyli, Nüşabə kimi qadın obrazları uca şairin qadın sədaqətinə, qadın etibarına, qadın  adına verdiyi ən ali dəyərdir ki, bunlar da dramaturqun diqqətindən kənarda qalmamışdır.  

Əsərin ikinci hissəsində Nizaminin Naxçıvan torpağına bağlılığına dair incə məqamlara rast gəlinir. Göstərilir ki, Naxçıvanlı İmiralı Tüccaroğlu Memar Əcəmidən gətirdiyi naməni Gəncədə Nizamiyə çatdırır. Naməni görcək Nizami kövrəlir: “Haçansa, gəncliyimdə, xoş duyğular əta edən belə bir naməni, Ömər Xəyyamdan sonra Azərbaycanda rübailər sultanı sayılan, rübailərini bir heykəl kimi qəlbinin dişi ilə yonan incə könüllü, Azərbaycanın əvəzsiz şairi rəhmətlik Məhsəti Gəncəvidən almışdım. Onda da sevincdən belə sarsılmışdım. Ancaq doğrusunu deyim ki, bu namə bu günə qədər aldığım namələrin ən təsirlisidi. Mən, dəfələrlə mənimlə görüşmək arzularını ifadə edən, məni saraylarında görmək istəyən sultanlardan, hökmdarlardan, əmirlərdən dəvət namələri almışam. Ancaq heç biri, bu namə qədər səmimi, bu namə qədər mənə məlhəm olmayıb”, – söyləyir. Keçirdiyi hissləri “sevginin sehrində süslənmək” adlandıran Nizami Memar Əcəmini ziyarət etmək arzusuyla səbirsizlənir. Bu ərəfədə şair Əmir Fəxrəddinin sarayına dəvət edilir. Bu xəbəri gətirən Müzəffəri nə qədər çalışırsa da, Nizamini ədaləti olmayan saraylara köçmək təklifinə razı sala bilmir.

Nizaminin gözü qarşısına (yuxusunda) mistik xarakterdə Ərzincan hakimi Bəhram şahın xahişi ilə yazdığı “Sirlər xəzinəsi”ndən Sultan Səncərin ədalətsizliyinə həsr etdiyi “Sultan Səncər və qarı” hekayəti, daha sonra Axsitanın haqsızlıq edib zindana saldığı Xaqani ilə görüş epizodları gəlir. Bu səhnələri İftixar məqsədyönlü şəkildə mistik təsvirlərlə təqdim edir və hadisələrin dramaturji gücünü daha təsirli canlandırır. Müəllifin orijinal duyğusal poetikada təsvir etdiyi digər səhnə Nizaminin on dörd yaşında ilk dəfə gördüyü və uzun illər sevdası ilə yaşadığı, gözəlliyi ilə hər kəsi heyran edən Məhsətinin şairə yazdığı naməsini yada salması və bu ülfətin niyyəti olaraq özünün qəbrinin çox sevdiyi Məhsətinin qəbrinə yaxın olmasını dilədiyi səhnədir.

Naxçıvanda Qızıl Arslanın təşəbbüsü ilə Nizaminin Əcəmi ilə görüş səhnəsi insanlığın təfəkkür tarixinə gətirdiyi iki parlaq şəxsiyyətin əbədiyyət zirvəsinə həkk olunmuş canlı abidəsi təsiri bağışlayır. Bu görüş zamanı Nizami, Cahan Pəhləvanın sifarişi ilə yazdığı “Xosrov və Şirin” poemasını Qızıl Arslana – hökmdara təqdim edərkən “Bu bir eşq dastanıdır, qibleyi-aləm. Ancaq dastanda mənim qayəm təkcə eşqi vəsf etmək deyil. Mən, nadan, zalım, ehtiras düşkünü olmuş fars hökmdarı Xosrovun Azərbaycan qızı Şirinin hünəri, qüdrəti, gözəlliyi, sədaqəti, nəhayət ədaləti qarşısında necə aciz olduğunu və tərbiyələndiyini göstərmək istəmişəm, onu da göstərmişəm” söyləyir. “Leyli və Məcnun” poemasını yazma səbəbinin isə Xaqanini Axsitanın zindanından azad etməsi şərti olduğuna diqqət çəkir.

Afaqın ölümü Nizamini sarsıtsa da, şairin şeriyyətinin gücünü daha əzəmətli edir, şagirdi İsgəndərə baxarkən isə onun şəxsində insanlığa xas olan cəhətləri sezən Nizami İsgəndər Rumi haqda əsər yazacağını düşünür və özünün şah əsəri olan “İsgəndərnamə” poemasını qələmə alır. Pyesdə bu əsərin də təqdimatı mistika ilə verilir; Nizaminin gözləri önündə Nüşabə ilə İsgəndərin görüş səhnəsi canlanır. “Dastan nəql edən nəqqaş” Nizami saraylara gedib mədh yazmasa da, zəmanəsinin bütün  hökmdarlarını sözünün əzəməti və sehri ilə tilsimləyir.

Pyesin son səhnələrində insanlığın uca zirvəsində dayanan Nizami xəyanətkar Müzəffərini onun şairliyinə bağışlayır. Bu hadisə də pyesdə Şeyx Nizami Gəncəvi xislətinin yüksək meyarını ifadə edir.

Əsərin epiloqunda Nizaminin həyətində gecəyarısı ayın şölələrində işıqlanan Əbülqasım Firdovsi, Ömər Xəyyam, Əbülüla Gəncəvi, Məhsəti Gəncəvi, Qətran Təbrizinin heykəlləri görünür.  Nizami bu dahilərin hər biri ilə görüşür və “Mən hər kəsdə insanlıq axtardım, ədalət aradım, ancaq sonda gördüm ki, çiy olan insanı yalnız söz bişirər. Ədalətsizləri isə heç nə...” fikri ilə “dahilərin dühası” Nizami Gəncəvi oğlu Məhəmmədə öz nəsihətini söyləyir.

İnanırıq ki, İftixarın əbədiyyət şairi Nizaminin 880 illiyinə ithaf etdiyi “Könüllər mülkünün sultanı – Şeyx Nizami Gəncəvi” ikihissəli mistik tarixi dramı Nizamiyə ucaldılan yeni sənət əsəri kimi ədəbi müstəvidə və teatr tariximizdə özünə mühüm yer tutacaqdır. 

Nərminə AĞAYEVA
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent