Nizami Gəncəvinin “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. “Xəmsə”yə daxil olan beş poema-məsnəvidə dövrün və əslində bütün zamanların ən humanist, ümumbəşəri idealları parlaq bədii əksini tapıb.

“Nizami Gəncəvi İli” qüdrətli söz ustadının misilsiz xəzinə olan ədəbi irsinin təbliği, eyni zamanda tədqiq edilməsi və öyrənilməsi üçün yeni zəmindir.

“Nizami sözündən incilər”də dahi şairin möhtəşəm beşliyindən seçmələri oxucuların diqqətinə çatdırmağa davam edirik.

Köçənlər bir çox şey əkmişdir bizə,
Biz də əkməliyik gənc nəslimizə.
Dünya bir tarladır, diqqətlə baxsaq,
Hamı bir-birinə cütçüdür ancaq.

(“İsgəndərnamə” – “Şərəfnamə”)

İki saf güzgünü üz-üzə qoysan,
Onlarda bir ləkə olmaz heç zaman.

(“İsgəndərnamə” – “İqbalnamə”)

Hər bir dərdə qatlaş, möhkəm duraraq,
Gözlə ki, basmasın yük səni ancaq.

(“Xosrov və Şirin”)

Qarışqa birlikdə göstərib hünər,
Özündən çox böyük şeylər sürüyər.
Dostluqda hər kəslə səsləşə bilsən,
Onun pərdəsində nəğməni çal sən.

(“Leyli və Məcnun”)

Uluların yolunun gərək qulu olasan,
Ülviyyətə yüksəlib, sən də ulu olasan,
Elə sadiq dost ara, səni darda qoymasın,
Çəkib tordan çıxarsın, səni torda qoymasın.

(“Sirlər xəzinəsi”)

Xəcalət çəkəni etməzlər zəlil,
Bu zülmkarlıqdır, ədalət deyil.

(“Yeddi gözəl”)