Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı Qələbə xalqımızın yenilməzliyini bütün dünyaya nümayiş etdirdi.

Torpaqlarımızın yağı düşməndən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda şəhid olmuş Vətən övladları bu müqəddəs savaşın əbədiyyətədək yaşayacaq qəhrəmanlarıdır.

Müharibə varsa, şəhid də var, qazi də... Vətən müharibəsində Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. Şəhidlik zirvəsinə ucalan oğullardan biri də Tərtərin Talış yüksəkliyi və Suqovuşan kəndi istiqamətində gedən döyüşlər zamanı şəhadət məqamına yüksələn Əmir Kazımovdur.

Əmir İlham oğlu Kazımov 29 yanvar 1998-ci ildə Bakının Şağan qəsəbəsində anadan olub. 230 saylı orta məktəbdə təhsil alıb. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Ailənin tək oğlu olan Əmir hərbi xidməti bitirdikdən sonra bərbər kimi fəaliyyət göstərib.

Əmir Kazımov yaşadığı qəsəbədə sadəliyi, mehribanlığı, gülərüzlüyü və mərdliyi ilə seçilən gənclərdən olub. Vətən üçün qisas məqamı gəldiyi vaxt – ötən il sentyabrın 28-də orduya çağırılan Əmir də ön cəbhəyə yollanıb. Manqa komandiri kimi döyüşlərdə aktiv iştirak edib. O, sonuncu dəfə oktyabrın 3-də ailəsi ilə danışır və bir növ onlarla vidalaşır. Talış yüksəkliyi və Suqovuşan kəndinin düşməndən azad edilməsində qəhrəmancasına şəhid olur.

Şəhidin əmisi oğlu Həmid Kazımzadə Əmirin vətənpərvər olduğunu deyir: “Əmir çox mərd, qayğıkeş insan idi. Vətənini, torpağını canından çox sevirdi. Hər zaman deyirdi ki, müharibə başlasa, ön sıralarda gedəcəm. Elə dediyini də etdi. Ailəsi ilə sonuncu danışığından sonra bir müddət Əmirdən xəbər ala bilmədik. İtkin düşdüyünü dedilər. Səbirlə gözlədik. Nəhayət, noyabrın 25-də əmioğlumun şəhid xəbəri gəldi. Bildirildi ki, oktyabrın 10-da ağır artilleriya atəşi nəticəsində şəhid olub. Çox ağır yaralandığı üçün şəxsiyyəti DNT analizi ilə təsdiqlənmişdi. Noyabrın 26-da nəşi ailəmizə təhvil verildi və doğulub boya-başa çatdığı Şağanda torpağa tapşırıldı”.

Şəhid Əmir Kazımov dövlət başçısının müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Lalə AZƏRİ