Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aidiyyəti qurumlara Azərbaycanla birgə Qarabağ Zəfəri, Qafqaz İslam Ordusu və Xocalı faciəsi kimi tarixi hadisələr haqda birgə serial və film layihələrini həyata keçirmək barədə tapşırıq verib.

Bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun Ankarada səfərdə olan Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla görüşündə bildirib.

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə media, mədəniyyət, serial və kino sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

F.Altun vurğulayıb ki, “Bir millət, iki dövlət” şüarı sadəcə sözdən ibarət deyil, Qarabağın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsində Türkiyə Azərbaycanla media sahəsində də yaxından əməkdaşlıq edib. Qeyd edib ki, Türkiyə və Azərbaycan mədəniyyət sahəsində əməkdaşlığı gücləndirir.

Onun sözlərinə görə, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsi tərəfindən üç dildə çap edilən “Qarabağda 44 gündə gələn Zəfər” kitabı Türkiyə-Azərbaycan qardaşlığının nişanəsidir.

“Azərbaycanla həmrəylik bizim milli vəzifəmizdir. Ermənistanın Qarabağda mədəni irsə vurduğu ziyanın miqyası dünyaya çatdırılmalıdır”, – deyə F.Altun bildirib.

Nazir Anar Kərimov qeyd edib ki, Azərbaycan Türkiyənin dəstəyini heç zaman unutmayacaq: “100 il əvvəl Qafqaz İslam Ordusu ilə birlikdə Azərbaycanı, Bakını işğaldan qurtarmışdıq. Qardaş Türkiyənin dəstəyini 1918-ci ildə olduğu kimi, Azərbaycanın müstəqilliyinin bərpasından sonra da hər zaman hiss etmişik”.

Nazir vurğulayıb ki, Ermənistanın Qarabağda mədəni irsə vurduğu ziyanın miqyasını dünyaya göstərmək üçün “Peace for Culture” adı altında başladılan kampaniyaya Türkiyənin də dəstək verəcəyi gözlənilir. Qarabağ Zəfəri, Qafqaz İslam Ordusu və Xocalı faciəsi kimi tarixi hadisələrin birgə istehsalla həm sənədli film, həm də bədii film şəklində dünyaya çatdırılması Türkiyə və Azərbaycan dostluğunun və qardaşlığının simvolları olacaq.

Fəxrəddin Altun “Qarabağda 44 gündə gələn Zəfər” kitabını mədəniyyət nazirinə təqdim edib.