Martın 4-ü tanınmış aktyor, Əməkdar artist Elçin Həmidovun (1958-2011) vəfatının 10-cu ildönümü idi. Anım günündə aktyorun uzun illər çalışdığı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi, sənət dostları onun məzarını ziyarət ediblər.

Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev və aktyorlar mərhum sənətkarın həyat və fəaliyyətindən söz açıb, onunla bağlı xatirələrini bölüşüblər.

Xatırladaq ki, Elçin Həmidov 1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. Məlahətli səsə və məharətli aktyorluq bacarığına malik olan aktyor klassik və müasir Azərbaycan bəstəkarlarının əsərlərində özünəməxsus maraqlı obrazlar qalereyası yaradıb.

Elçin Həmidov “O olmasın, bu olsun”, “Ər və arvad” (Ü.Hacıbəyli), “Olmadı elə, oldu belə”, “Özümüz bilərik” (S.Ələsgərov, Ş.Qurbanov), “Boşanaq, evlənərik” (V.Adıgözəlov, Ə.Kürçaylı), “Qarğa, məndə qoz var” (H.Qurbanov, C.Aslanoğlu), “Beş manatlıq gəlin” (S.Rüstəmov, M.S.Ordubadi), “Subaylarınızdan görəsiniz”, “Hərənin öz ulduzu” (S.Ələsgərov, İ.Məlikzadə), “Mən dəyərəm min cavana” (F.Sücəddinov, T.Vəliyeva), “İddialı qaraçı” (İ.Kalman), “Talelər qovuşanda” (R.Hacıyev), “Aldın payını, çağır dayını” (V.Adıgözəlov, Anar) və s. tamaşalarda çıxış edib. Aktyor səhnədə son dəfə N.Qoqolun “Evlənmə” komediyasında Yaiçnitsa obrazını yaratmışdı.