Ötən il martın 13-də İstanbuldakı Türk və İslam Əsərləri Muzeyində açılışı keçirilən Azərbaycan xalçalarının sərgisi davam edir. Qeyd edək ki, sərgi Azərbaycan Milli Xalça Muzeyinin yaranmasının 53-cü ildönümü və xalça sənətimizin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə təşkil olunmuşdu.

Sərgi Azərbaycan Milli Xalça Muzeyi tərəfindən “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” çərçivəsində reallaşdırılır. İki ölkə muzeyləri arasında həyata keçirilən bu ilk layihənin əsas məqsədi Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasında qorunub saxlanılan Azərbaycan xalçalarının elmi atribusiyası sahəsində tədqiqatların aparılması, onun əsasında kataloqun hazırlanmasından ibarətdir.

Dünyanın aparıcı xalça mütəxəssisləri və ekspertləri tərəfindən böyük maraqla qarşılanan və artıq bir ildir davam edən sərgidə Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasındakı XVII-XIX əsrlərə aid on iki nadir Azərbaycan xalçası nümayiş olunur. Onların arasında Azərbaycan xalçaçılığının unikal qoluna aid “Xətai” (“Əjdahalı”) və “Çələbi”, özünün mükəmməl bədii ornamentlərində Qarabağın gözəlliyini əks etdirən “Qoca” və qədim türk tayfalarının simvolları olan damğalarla bəzədilmiş “Dağkəsəmən” xalçaları da var. Sərgidə eyni zamanda muzeyin kolleksiyasındakı Azərbaycan xalçaları yenilənmiş atribusiya mətnləri ilə təqdim olunur.

Sərgi ilə yanaşı, “Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasından Azərbaycan xalçaları” kitab-kataloqu da nəşr edilib. Türk və ingilis dillərində hazırlanan nəşr nəinki Türkiyə ictimaiyyətində, eyni zamanda bütün dünya xalça mütəxəssislərində Azərbaycan xalçaları haqqında geniş və dolğun məlumatın yaranmasına xidmət edir.