Əbdürrəhim bəy Haqverdiyevin əsəri ilk dəfə Türkiyə səhnəsində

Martın 3-də İstanbulda, Maltəpə Bələdiyyəsinin Türkan Saylan Mədəniyyət Mərkəzinin səhnəsində Azərbaycanın görkəmli dramaturqu Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?” tamaşasının premyerası olub. Səhnə əsəri ədibin anadan olmasının 150 illiyi münasibətilə “Mask-Kara” teatrı tərəfindən hazırlanıb.

Premyeranı mədəniyyət naziri Anar Kərimov, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Maltəpə Bələdiyyəsinin başqanı Əli Kılıç , Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin üzvləri, azərbaycanlı incəsənət xadimləri, yerli sənətsevərlər izləyiblər.

1994-cü ildə qurulan “Mask-Kara” teatrı repertuarında müxtəlif yerli və əcnəbi müəlliflərin  əsərlərinə yer verir. Ötən müddətdə kollektiv uşaq tamaşaları da daxil 50-dək səhnə əsəri hazırlayıb. “Mask-Kara”nın təsisçiliyi ilə 2007-ci ildən aylıq “Teatr” qəzeti də nəşr olunur. Teatrın reperuarında ilk dəfə azərbaycanlı müəllifin əsəri yer alıb. Müasir teatr estetikasında hazırlanan “Kimdir müqəssir?” tamaşası maraqla qarşılanıb.

Tamaşanın yaradıcı heyətinə TÜRKSOY və Maltəpə Bələdiyyəsi adından xatirə hədiyyələri təqdim edilib.

Premyeradan sonra TÜRKSOY tərəfindən nəşr olunan “Teatr almanaxı”nın 5-ci buraxılışının təqdimatı olub. Almanax türk dünyası milli teatrları arasında əlaqələri inkişaf etdirmək və yaradıcı kollektivlərin repertuarlarını bir-birinə tanıtmaq məqsədilə nəşr olunur.