Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanın kənd və şəhərlərini, bütün mədəni və dini abidələrini qəsdən dağıdıb. Bizim məscidlər donuz və inək saxlanılan yerlərə çevrilib. Bu, bütün İslam dünyasına qarşı düşmənçilikdir. Azərbaycan xalqının mədəni və dini irsinin qəsdən dağıdılması və təhqir edilməsi faktları beynəlxalq media nümayəndələri tərəfindən əks etdirilib.

Prezident İlham Əliyev bu sözləri martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib: “Bütün müsəlmanların hisslərini təhqir edən Ermənistanın müsəlman ölkələri ilə əlaqələrini genişləndirmək cəhdləri riyakarlıqdan başqa bir şey deyil. Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyə dəyərli töhfələr vermişdir. Biz müxtəlif beynəlxalq kürsülərdən İslam ölkələrini birliyə çağırmışıq. Azərbaycan İslam dininin zorakılıq və terrorla əlaqələndirilməsini kəskin şəkildə pisləyir. Biz İslamofobiyaya qarşı mübarizə aparmalı və İslamın həqiqi dəyərlərini - sülh, tolerantlıq və ədaləti təşviq etməliyik. Bu mənada, qardaş Pakistanın təşəbbüsü ilə İslam Əməkdaşlığı Təşkilatının 15 mart tarixinin Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü elan olunması qərarını alqışlayırıq”.

Prezident vurğulayıb ki, hazırda Azərbaycanın qarşısında azad olunmuş ərazilərin yenidən qurulması kimi nəhəng vəzifə dayanır: “Biz azad olunmuş ərazilərdə şəhər və kəndlərimizi yenidən quracaq, mədəni və dini abidələrimizi bərpa edəcəyik”.

Qeyd edək ki, 1985-ci ildə Türkiyə, İran və Pakistan tərəfindən qurulan İqtisadi Əməkdaşlıq Təşkilatına 1992-ci ildə Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan qoşulub və hazırda təşkilatın 10 üzv ölkəsi var. Şimali Kipr qurumda müşahidəçi statusu ilə təmsil olunur.