Muzeydə Nizaminin “Xəmsə”sinə çəkilmiş nadir miniatürlər saxlanılır

Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində iki ölkə arasında mədəni əməkdaşlığın müxtəlif istiqamətləri üzrə bir sıra görüşlər keçirilib.

Nazir Anar Kərimov və nümayəndə heyətinin üzvləri martın 3-də İstanbulda qədim tarixə və zəngin sənət xəzinəsinə malik dünyaca məşhur Topqapı Saray Muzeyini ziyarət edib.

Muzeydə Türkiyə Milli Saraylar İdarəsi başqanının müavini, professor Əhməd Çapoğlu, Bərpa və konservasiya şöbəsinin müdiri Cem Eriş ilə görüş keçirilib.

Görüşdə Milli Saraylar İdarəsi ilə muzey işi sahəsində əlaqələrin qurulması, o cümlədən bərpa və konservasiya emalatxanaları vasitəsilə təcrübə mübadiləsinin aparılması, burada çalışan mütəxəssislərin azərbaycanlı həmkarları ilə təcrübələrini bölüşməsi məqsədilə təlim və treninqlərin təşkili barədə söhbət aparılıb.

Həmçinin “Nizami Gəncəvi İli” çərçivəsində 2021-ci ilin ikinci yarısında Bakıda Topqapı Saray Muzeyində qorunan “Xəmsə” motivlərinə dair miniatürlərdən ibarət sərginin və 2022-ci ildə isə Topqapı Saray Muzeyində Azərbaycan mədəniyyətinə və tarixinə həsr olunmuş sərginin təşkil edilməsi ilə bağlı müzakirələr aparılıb.

Sonra Anar Kərimov Topqapı Sarayı Muzeyində dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan poemaların motivləri üzrə çəkilmiş XV əsrə aid miniatürlərin xüsusi qapalı sərgisi ilə tanış olub. Buradakı qiymətli miniatür nümunələri barədə nazirə məlumat verilib.