Mədəniyyət Nazirliyi nümayəndə heyətinin Türkiyəyə səfəri zamanı müxtəlif sahələr üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi, birgə layihələrin reallaşdırılması və əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra görüşlər keçirilib.

***

Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova İstanbulda Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Dövlət Opera və Balet Müdiriyyətinin rəhbəri, dünya şöhrətli tenor Murat Karahanla görüşüb.

Görüşdə Türkiyə və Azərbaycan arasında opera və balet sahəsində əməkdaşlıq, müştərək layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.

Dövlət Opera və Balet Müdiriyyəti Türkiyədə opera, balet və musiqi sənətini ictimaiyyətə tanıtmaq və yaymaq məqsədilə opera, operetta və balet tamaşaları ilə konsertlər keçirir, daxili və xarici qastrol səfərləri, habelə milli və beynəlxalq festivallar təşkil edir.

***

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə Türkiyənin Demirörən Haber Ajansının (DHA) müdir müavini İclal Tuncay və kommunikasiya və marketinq müdiri Ayşe Kırımlı ilə görüş keçirib.

Görüşdə ikitərəfli münasibətlər, media-kommunikasiya sahəsində əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi barədə söhbət açılıb, Azərbaycanla Türkiyə arasında birgə əməkdaşlığın nəticəsi olaraq reallaşan layihələrin Türkiyə mətbuatında işıqlandırılması, habelə qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Demirörən Haber Ajansı Türkiyənin konqlomerat şirkəti olan “Demirören Holding”in tərkibində fəaliyyət göstərir. Şirkət “Hürriyet”, “Milliyet”, “Vatan”, “Posta”, “CNNTürk”, “Fanatik” və “Doğan Haber Ajansı” kimi ölkənin ən iri media qruplarına sahibdir.

***

Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli və Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Türkiyə Milli Kitabxanasını ziyarət ediblər.

Akif Marifli və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və nəşriyyatlar idarəsinin müdiri, Türkiyə Milli Kitabxanasının direktoru Əli Odabaş arasında keçirilən görüşdə ölkəmizdə kitabxanaların rəqəmsallaşdırılması və vahid elektron kitabxana sisteminin qurulması prosesində Türkiyə təcrübəsinin tətbiqi məsələləri müzakirə edilib.

TEDA proqramı üzrə əməkdaşlıq, təcrübə mübadiləsinin və ortaq layihələrin hazırlanması, həmçinin Azərbaycanın İstanbul Beynəlxalq Kitab Sərgi-Yarmarkasında, Türkiyənin Bakı Beynəlxalq Kitab Sərgisində fəal iştirakı barədə söz açılıb, hər iki ölkənin nəşriyyatları arasında əlaqələrin genişləndirilməsinin zəruriliyi vurğulanıb.