Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Nizami Gəncəvinin 880 illiyinə həsr olunan tədbirlər çərçivəsində “Nizami və Şərq ədəbiyyatı” mövzusunda seminar keçirilib.

İnstitutun direktoru, akademik Gövhər Baxşəliyeva  Azərbaycanda “Nizami Gəncəvi İli” çərçivəsində görüləcək işlərdən danışıb. Qeyd edilib ki, institutda “Nizami Gəncəvi yaradıcılığı və Şərq ədəbiyyatları qarşılıqlı təsir və əlaqə kontekstində” mövzusu üzrə tədqiqatlar aparılacaq.

G.Baxşəliyevanın “Bir daha Nizami Gəncəvinin etnik mənsubiyyəti haqqında”, M.Kazımovun “Nizami “Xəmsə”si və farsdilli ədəbiyyat (XVI-XVIII-ci əsrlər)”, P.Əsədullayevanın “Nizami “Xəmsə”sində zaman konseptinin linqvistik ifadə vasitələri” və  başqa əsərlər nəşr olunacaq. İran alimlərinin Nizami Gəncəvi haqqında məqalələrindən ibarət toplunun hazırlanması və nəşri də planlaşdırılır. “Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Seminarda institutun şöbə müdiri, professor Mehdi Kazımov “Nizami və Şərq ədəbiyyatı” mövzusunda məruzə ilə çıxış edib.