Bir ildir teatrı səhnəsindən və tamaşaçı ilə canlı ünsiyyətdən uzaq salan pandemiyaya rəğmən

10 mart Milli Teatr Günüdür. 1873-cü il martın 10-da Bakıda maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü, dramaturq Nəcəf bəy Vəzirov, aktyor Əsgər ağa Adıgözəlov və Realnı məktəbin şagirdlərinin iştirakı ilə Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyası səhnələşdirilib. Azərbaycanda peşəkar milli teatrın yaranması bu tarixdən hesablanır və 10 mart teatr cameəsi tərəfindən peşə, sənət bayramı kimi qeyd olunur. 2013-cü ildə (1 mart) Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Milli Teatr Günü” rəsmi təsisat və daha böyük dəyər qazandı.

“Teatr qarderobdan başlayır” – ilk dəfə kim tərəfindən söylənildiyi bilinməyən və hətta məşhur teatr rejissorlarından birinə aid edilən bu sözlər, əslində, kimin deməsindən asılı olmayaraq, bu sənətin gerçəyini ifadə edir. Teatr sənət kimi məhz sənətsevərlə bilavasitə üz-üzə, tamaşaçı ilə canlı ünsiyyətdə yaşayır, nəfəs alır. Əks təqdirdə, bu artıq teatr olmur. Teatrı kinodan, başqa vizual sənətlərdən fərqləndirən də budur.

Bir ildir dünyanı cənginə alan pandemiya Azərbaycanda da teatrı səhnəsindən və tamaşaçı ilə canlı ünsiyyətdən uzaq salıb. Təsadüfə bax ki, ölkəmizdə pandemiya ilə bağlı sosial izolyasiya tədbirlərinin (sonradan xüsusi karantin adı verildi) elan olunması (7 mart 2020) da Milli Teatr Günü ərəfəsinə düşdü və ... bu günün təntənəsi də, yaradıcı kollektivlərin məxsusi olaraq bu gün üçün hazırlaşdıqları premyeralar da təxirə salındı.

Ölkə teatrları artıq ikinci dəfədir peşə bayramını – Milli Teatr Gününü (10 mart) öz doğma səhnə və tamaşaçı zalında deyil, virtual formatda qeyd etməyə məcburdur. Amma hər şeyə rəğmən sənət yaşayır, sənəti yaşatmaq üçün sabaha ümid də...

Teatra həyatını həsr edən, teatrla yaşayan, teatrı sevən, teatrda sevilən hər kəsin sənət bayramı mübarək! Azərbaycan peşəkar milli teatrının 148 yaşı tamam olur. Yaşasın teatr!