Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 5-9 mart tarixlərində Türkmənistan, Özbəkistan və Qırğızıstanda səfərdə olub.

Türkmənistan-Türkiyə ikitərəfli əməkdaşlıq əlaqələri bütün sahələr üzrə davam edir. İpək Yolunun canlandırılması məsələsində Türkmənistan, Azərbaycan və Türkiyənin rolu vacibdir.

Mövlud Çavuşoğlu bu sözləri Türkmənistanın xarici işlər naziri Rəşid Meredovla keçirdiyi birgə mətbuat konfransında deyib. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkmənistana iyun-iyul ayları üçün nəzərdə tutulan səfəri çərçivəsində imzalanacaq sənədlərin bu xüsusda önəmli olacağını vurğulayıb.

Türkmənistandan sonra Özbəkistana gedən xarici işlər naziri Mövlud Çavuşoğlu özbək həmkarı Əbdüləziz Kamilov ilə birlikdə Səmərqənd şəhərində Türkiyənin Baş Konsulluğunun açılışında iştirak edib. O bildirib ki, Özbəkistan müstəqillik əldə edən zaman bu ölkəni ilk tanıyan və ilk səfirlik açan Türkiyə olub: “Qədim Səmərqənd şəhərində açılan Baş konsulluğumuz burada yaşayan vətəndaşlarımıza və özbək qardaşlarımıza xidmət edəcək, ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmlənməsinə təkan olacaq”.

Mövlud Çavuşoğlu Urgənc və qədim Xivə şəhərlərinin görməli yerləri ilə tanış olub, Daşkənddə rəsmi görüşlər keçirib, Türkiyə-Özbəkistan Ortaq Strateji Planlama Qrupunun ikinci iclasında iştirak edib.

Türkiyə XİN rəhbəri Qırğızıstanda Prezident Sadır Japarov, Baş nazir Ulukbek Maripov və həmkarı Ruslan Kazakbayev ilə görüşüb, Türkiyə-Qırğızıstan Ortaq Strateji Planlama Qrupunun beşinci iclasına qatılıb.