Teatr adı ilə bağlı yeganə açıq məkandan təəssürat

Ad ağlıma təsadüfən gəlmədi. Zarafat deyil, düz bir ildir bizlər – az-çox teatra sevgisini yazı-pozuya köçürən adamlar – ona həsrət nəğmələri oxuyuruq. Bu, bir az da platonik eşqə bənzəyir. Sevgini, sədaqətini dönə-dönə öz-özünə təkrarladığın eşqə...

Sanki məhz teatra qənim kəsildi bu məlun COVİD-19. Onun qapılarını səhnəsində, kandarında təsəlli tapanların üzünə qapadı. Teatr ilə tamaşaçısı arasında indi sadə söz kimi görünüb, gələcək üçün dərin ağrılar vəd edən ayrılıq çəpəri çəkdi. Deyəsən, təsviri bir xeyli dramatikləşdirdim, eləmi?

“Gözdən uzaq olan könüldən də iraq düşər” prinsipi ilə yanaşanda pessimizmə köklənməmək əldə deyil. Amma bu da çifayda. Fakt budur ki, nəinki milli, ümumən dünya teatrı varlıq ilə yoxluq arasında çapalayır. Tamaşaçı ona, o da tamaşaçısına həsrətdir. Doğrudur, bu bir ildə onlayn format (bu format da mübahisəlidir) dediyimiz “əlimyandı”lı yaradıcılıq cəhdlərini izlədik. Bunlar daha çox teatrların cari repertuarındakı tamaşaların böyük əksəriyyətdə statik kamera ilə, çox vaxt da həvəskarlar tərəfindən lentə köçürülmüş variantları idi. Sıraya sosial şəbəkələrdəki canlı yayımları və ya videoçarxları da əlavə etmək olar. Ara-sıra mətbəx ovqatına köklənən bəzi kanallarımızda nümayiş olunan retro tamaşaları da bunun gözünə qata bilərik. Amma və lakin bunların heç biri teatrı, “teatr qarderobdan başlayır” gerçəkliyini əvəz edə bilmədi.

Bu və bura yazmadığım bir xeyli giley-güzarla 10 mart – Milli Teatr Günü ərəfəsində paytaxtın mərkəzindəki teatr binalarına məlul-məlul boylana-boylana teatr adı ilə bağlı yeganə açıq məkana – Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Tarixi Muzeyinə yollandım. 

Ötən ildən təmirə dayanan və hazırda yalnız bir ekspozisiya otağı – C.Cabbarlı zalı və tədbirlər üçün nəzərdə tutulan akt zalı açıq olan muzeydə bu günün nostalgiyasında (!) dünənə boylandıq, əlamətdar günün tarixinə qısa ekskurs etdik.

Bu gün həmin şərəfli və möhtəşəm tarixi gündən – Azərbaycanda peşəkar milli teatrın yaranmasından 148 il ötür. 1873-cü ilin 10 martında Bakıda böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı-dramaturq Nəcəf bəy Vəzirovun təşəbbüsü, aktyor Əsgər ağa Adıgözəlov (Gorani) və Realnı məktəbin şagirdlərinin iştirakı ilə Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası səhnələşdirilib.

Bununla təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində peşəkar teatrın təməli qoyulub. Teatrın böyük ictimai əhəmiyyətini dərk edən Azərbaycanın ədib və ziyalıları Naxçıvan, Şəki, Şamaxı, Lənkəran, Quba və Şuşa şəhərlərində, eləcə də Tiflisdə və İrəvanda teatr tamaşaları təşkil ediblər.

10 martın “Milli Teatr Günü” kimi qeyd olunması həm teatra, həm də onu yaradan və yaşadanlara sevgi və ehtiram deməkdir. Prezident İlham Əliyevin 1 mart 2013-cü ildə imzaladığı “Milli Teatr Günü”nün təsis edilməsi haqqında sərəncam dövlətin bu zəngin tarixə, irsə, ümumilikdə teatr sənətinə diqqətinin bariz nümunəsidir.

Bizi teatrsevər xalq olaraq təqdim edən bu tarixi günün yeganə əşyayi-dəlilinin – afişanın köməyi ilə. Onu da qeyd edim ki, məhz bu afişanın üzə çıxmasından sonra teatr tariximizlə bağlı müfəssəl fikir yarandı, xatirələrdən, fərziyyələrdən fakta kökləndik.

Teatr bayramı ilə əlaqədar xüsusi hazırlıq görən muzey rəhbərliyi və əməkdaşları  tamaşaçılara yaddaqalan gün vəd edirdilər. Biz də muzeyin direktoru Sevinc Mikayılovanın sayəsində bu ovqata köklənərək pandemiya şəraitində fəaliyyət göstərən mədəniyyət ocağının gündəliyinə nəzər saldıq.

Direktor deyir ki, pandemiya muzeylərin fəaliyyətində də müəyyən sükut yaratdı: “Bütünlükdə hamımız üçün bu proses çox çətin idi. Sevindirici haldır ki, muzeylərin fəaliyyəti bərpa olunub. Ziyarətçilər müvafiq profilaktik normalar çərçivəsində mədəniyyət ocaqlarına gəlib asudə vaxtlarını səmərəli keçirmək imkanı qazanırlar. Biz də onların mədəni istirahətlərinin dolğun və yaddaqalan olması üçün əlimizdən gələni edirik. Fasilədən sonra tamaşaçıların marağının da artdığını müşahidə edirik. Biz təkcə ekspozisiya zalında ənənəvi fəaliyyət, yaxud onlayn tədbirlərlə kifayətlənmir, yeni və maraqlı hesab etdiyimiz layihələri də reallaşdırmağa çalışırıq. Bu sıraya ustad dərsləri, eləcə də kurslarımızı əlavə edə bilərik. Doğrudur, mövcud qaydalara görə, biz iştirakçıları məhdud sayda qəbul edirik. Müəyyən yeni, maraqlı, diqqəti cəlb edəcək addımlar atmaqla izləyiciləri, sənətsevərləri, xüsusən də gənc nəsli cəlb etməyə çalışırıq”.

Müsahibim deyir ki, teatr muzeyinin öz spesifikliyi var: “Elə muzeylər var ki, onların eksponatları özləri də özləri haqqında məlumat verirlər. Amma teatr muzeyində olan eksponatların hamısının bir bələdçi sözünə, izahına ehtiyacı var. İndiki insanların da həyat tərzi fərqlidir və onların uzun-uzadı ekspozisiyalara baxmaq, dinləmək maraqları yoxdur. Odur ki, onlarda teatr sənəti ilə bağlı fərqli yaradıcılıq istiqamətlərinə maraq oyatmaqla da cəlb etməyə çalışırıq. Unutmayaq ki, teatr muzeyi, ümumən muzeylər bu gün təkcə eksponatların qorunub saxlanıldığı məkan deyil. Biz də bunu nəzərə alır və öz yaradıcılıq istiqamətimizə uyğun olaraq  belə addımlar atırıq. Ustad dərsləri sayəsində həm də teatr sənətimizin təbliğini həyata keçirir, onun incəliklərini təqdim etməyə çalışırıq”.

Sevinc xanımla muzeydəki eksponatlar, izləyiciləri daha çox maraqlandıran nümunələr barədə də danışdıq. Nəzərə alaq ki, istər sahə, istərsə də ev-muzeyləri ən çox məşhur insanların həyat və yaradıcılığını əks etdirən, ələlxüsus da onların yaşam tərzinə güzgü tutan detallara görə quraşdırılır. Bu mənada teatr muzeyini ziyarət edən izləyicilərin ən çox maraqlandıqları eksponatları da xəbər aldıq və onların içərisindən bəzilərini seçərək bu yazıda təqdim edəcəyimiz “sərgi”mizə daxil etdik.

Muzeyin direktoru tamaşaçıları daha çox nəsillərə görə bölərək xarakterizə elədi: “Tamaşaçıların ən çox marağında olan nümunələr məşhur aktyorların şəxsi əşyaları, onların teatr tamaşalarında geyindikləri kostyumlar, eləcə də bir sıra  yaddaqalan aksesuar – rekvizitlərdir. Məsələn, müəyyən yaşlı nəsil var ki, mərhum  sənətkarların səhnə geyimlərini görəndə heç məlumatı gözləmədən hansı tamaşada gördüklərini deyirlər. Gənc nəsil ziyarətçilərin isə maraq dairəsi fərqlidir. Onlar daha çox afişa və eskizlərlə maraqlanırlar. Ümumiyyətlə, teatrın fondundakı eksponatlar teatrın tədqiqatı üçün də əvəzsiz mənbədir. Hətta bir teatr dekorasiyasına baxıb dövrü xarakterizə etmək olar”.

Muzeyin eksponatlarla zənginləşməsi istiqamətində incə nüansa da diqqət çəkdik: “Təəssüf ki, bizim bəzi sənət adamlarının düşüncəsində Teatr Muzeyi yalnız onların evlərində yığılıb qalan proqram və afişaların, bir qisim fotoların saxlanc yeridir. Arxivlərini təqdim edərkən insanlarda maraq doğuracaq əşyalara üstünlük vermirlər. Bir növ əlləri gəlmir. Bizə arxiv idarəsi kimi yanaşırlar. Unutmaq olmaz ki, onların əşyaları muzey üçün dəyərli eksponat, tamaşaçı-izləyici üçün sevimli aktyoru haqqında incə təsəvvürdür. Hazırda muzeydə 140 minə yaxın eksponat qorunur ki, bunlar son illər daha çox teatrlardan göndərilən tamaşalarla bağlı sənədlərdir. Buna tamaşalardan foto və videotəsvirlər, proqramlar, afişalar daxildir”.

Ayaqüstü söhbətin ardınca yeganə açıq ekspozisiya – Cəfər Cabbarlı zalı ilə tanış olduq. Burada ədibin həyat və yaradıcılığının müxtəlif məqamlarını əks etdirən maraqlı sənədləri, eləcə də onun şəxsi əşyalarını izləyə bilərsiniz. Nümunələr arasında ədibin ev-muzeyindən gətirilən əşyalar da var.

Ekspozisiyada olmayıb, muzey fondunda qorunan nadir nümunələr arasından sizin üçün maraqlı hesab etdiyimiz fotoları da seçdik.

Hazırladı: Həmidə NİZAMİQIZI