Şair Həsən Xasiyevin yaradıcılığı əsasında

Azərbaycanda ta qədimdən təşəkkül tapmış xalqlar dil, din, mədəniyyət fərqlərinə baxmayaraq, birgə dostluq və mehribanlıq şəraitində yaşayırlar. Ləzgi, talış, kürd, avar, tat, ingiloy, saxur, udin, xınalıq və digər azsaylı xalq və etnosların nümayəndələri hər yerdə, hər zaman azərbaycanlılarla çiyin-çiyinədir, həm sevinci, həm də ağrı-acını qardaşcasına bölüşürlər.

Təsadüfi deyil ki, Qarabağ müharibəsində onlar Vətən uğrunda erməni işğalçılarına qarşı birlikdə qəhrəmanlıqla mübarizə aparmış, şəhidlik zirvəsinə yüksələnlər, yaralananlar olmuşdur. Ölkəmizdəki multikulturalizm və tolerantlıq ənənələri onlara Azərbaycanı həqiqi Vətən məhəbbəti ilə sevmək şansı verib.

Qarabağ mövzusu heç vaxt unudulmur, yaddan çıxmır və gündəmdən düşmür. Tariximizin Vətən müharibəsi səhifəsinə maraq heç vaxt azalmır. Xüsusilə yaradıcı insanlar qanlı-qadalı hadisələrdən nəticə çıxarmağa, həmçinin müharibədə igidlik göstərənlərdən örnək götürməyə, yeni nəsillərə ötürməyə çalışırlar.

Ana Vətənin qəhrəmanlıq və ağrı-acılı səhifələrinə üz tutan qələm sahiblərindən biri də şair-publisist Həsən Xasiyevdir. 25 ildir Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şairin 12 kitabı çap olunub. O, yaradıcılığında Qarabağ mövzusuna xüsusi yer verən vətənpərvər yazarlardandır.

Həsən müəllim Qarabağın timsalında Azərbaycanın ərazi bütövlüyünü, milli-mənəvi dəyərlərini, azərbaycançılıq ideyasını poetik dillə qələmə alır. Müəllifin vətənsevərlik ruhunda bir neçə kitabı, üç poeması, 100-dən çox şeir və məqaləsi çap olunub. Qarabağ mövzusunda azsaylı xalqların ədəbiyyatında Həsən Xasiyev kimi qələm sahibləri barmaqla sayılacaq qədər azdır. Onun uzun illər ruhumuzun ağrısına çevrilən Qarabağ dərdinə sifarişlə deyil, ürəyinin hökmü, qəlbinin səsiylə müraciət edib. Bu, onun əsl vətəndaş mövqeyinin, əqidə möhkəmliyinin göstərici kimi insanda haqlı fəxarət hissi doğurur.

***

Qarabağ  mövzusu 1997-ci ildən şairin yaradıcılığında qırmızı xətt kimi keçir. Həmin ildə Həsən müəllimin “Qusar şəhidləri” publisistik toplusu işıq üzü görüb. Kitab ulu öndər Heydər Əliyevin bu sözləri ilə açılır: “Azərbaycanın ləzgi əhalisi torpaqlarımızın müdafiəsində erməni işğalçılarına qarşı müharibədə qanlarını tökmüş, şəhidlər vermişdir. Mən bunu yüksək qiymətləndirirəm, xalqımız yüksək qiymətləndirir, tarix də yüksək qiymətləndirəcəkdir. Mən şəhidlərimizin, o cümlədən respublikamızın ləzgi əhalisindən olan şəhidlərin ruhu qarşısında baş əyir və ləzgi əhalisinə öz təşəkkürümü, minnətdarlığımı bildirirəm”.

Kitaba müəllifin “Qarabağ harayı” poemasından bir hissə də daxil edilib.

Qusar Rayon İcra hakimiyyətində kitabın təqdimat mərasimi keçirilib, mediada işıqlandırılıb. Qusar Dövlət Ləzgi Dram Teatrında əsərin motivləri əsasında maraqlı tamaşa göstərilib.

Namus, qeyrət qalasıdır,
Ürəklərdə qalasıdır.
Qorxmaz ləzgi balasıdır,
Bizim Qusar şəhidləri.

Həsən Xasiyevin yaradıcılığı oxucuları sözdə deyil, əməllərində vətənpərvər olmağa, ana yurdun hər qarış torpağını göz bəbəyi kimi qorumaq yolunda əllərindən gələni əsirgəməməyə çağırır. Qarabağ dərdi şairin poetik düşüncələrində qəribə bir vurğunluqla ifadə olunur.

Çevir tüfəngini düşmənə tərəf,
Alnını nişan al, bacarsan əgər.
Gəbərsin it kimi dığa bişərəf,
Səninsə alnından öpüm, ay əsgər.

Şair torpaqlarımızın işğaldan azad olunmasında ancaq igid əsgərlərimizə, cəsur vətən oğullarımıza inanıb, güvənib. 1997-ci ildə qələmə aldığı “Oğullar” poemasında müəllif sanki 2020-ci ildə Vətən müharibəsində şanlı Qələbə qazanacağımıza əmin olub, şair illər sonra olacaqları əvvəlcədən duyub:

Qalmaz yağılarda gözəl Qarabağ,
Çəkilər düşmənin köksünə də dağ.
Bir zaman müjdəylə evə üzüağ,
Qələbə çalaraq dönər oğullar.

Həsən Xasiyevin 2001-ci ildə qələmə aldığı “Fəxrimiz Fəxrəddin” əsəri müəllifin maraqlı yaradıcılıq nümunələrindəndir. Kitab əslən Qusar rayonunun Gican kəndindən olan Milli Qəhrəman, Qarabağ səmasında şəhid olmuş pilot Fəxrəddin Musayevin (1957-1992) 60 illik yubileyinə həsr olunub.

Milli Qəhrəmanı daha yaxından tanımaq, tanıtmaq və böyüyən nəslə onun ömür yolundan ibrət götürməyi öyrətmək baxımından bu kitab böyük əhəmiyyətə malikdir. Arxiv sənədləri əsasında ərsəyə gətirilən nəşrdə qəhrəmanın uşaqlıq və gənclik illərinə, keçdiyi döyüş yoluna işıq salınıb, doğma və yaxınlarının acılı-şirinli xatirələrinə yer verilib, od-alov içində yaranıb bərkimiş əsgər dostluğu inandırıcı boyalarla əks olunub. Poemada Azərbaycan əsgərinə dərin rəğbət, qələbəmizə böyük inam ifadə edilib.

Sual verə bilərlər ki, Qarabağa silsilə əsərlər həsr edən ləzgi əsilli Azərbaycan şairi Həsən Xasiyevdə bu qədər Vətən sevgisi haradandır? Məlum olur ki, yurda bağlılıq Həsən müəllimin əsil-nəcabətli nəslindən, soy-kökündən və genindən gəlir. Elə bir mühitdə, elə bir ailədə pərvəriş tapıb ki, o mühit, o ocaq onu vətənpərvər vətəndaş yetişdirməyə bilməzdi. Belə ki, atası İkinci Dünya müharibəsinin od-alovundan, faşistlərlə ölüm-dirim savaşından alnıaçıq, üzüağ çıxıb. Davadan sonra dinc quruculuq illərində partiya və dövlət orqanlarında, təsərrüfat sahələrində rəhbər işlərdə çalışıb, hörmət-izzət sahibi olub. Böyük qardaşı Almaniya Demokratik Respublikasında əsgəri borcunu ödəyib. Kiçik qardaşı da həmçinin beynəlmiləl döyüşçü kimi Əfqanıstanda Taliban yaraqlılarına qarşı vuruşub, sinəsi orden və medallarla ölkəmizə dönüb.

Nəvəsi Namiq II Qarabağ müharibəsi başlandığı gündən Ağdam-Tərtər istiqamətində ağır döyüşlərə qatılıb. Yaralanıb, hospitalda müalicə olunduqdan sonra yenidən Orduda xidmətini can-başla yerinə yetirməkdədir.

Həsən müəllimin özünə gəldikdə isə ehtiyatda olan hərbi zabit kimi ön cəbhədə vuruşmaq istəsə də, yaşı buna imkan vermədiyindən arxada süngünü qələmlə əvəz edib. Şair-publisist kimi Ordumuza mənəvi dəstək olur, onları yeni qələbələrə ruhlandırır.

***

Həsən Xasiyevin araşdırmalarından məlum olur ki, XVIII əsrdə Qarabağ xanlığının yaranıb möhkəmlənməsində ləzgi xalqı da rol oynayıb. Qarabağ salnaməçilərindən olan Mirzə Rəhim Fənanın “Tarixi-cədidi Qarabağ” əsərinə istinadən bildirir ki, Qarabağ hökmdarı İbrahim xana qız verən Umma xan qohumuna qahmar çıxmaq niyyəti ilə 3 min nəfər ləzgi qoşunu göndərir. Müəllif Dağıstanlı Xasay xan Usmiyevin Qarabağın tacı Şuşamıza, onun gözəl şair qızı Xurşudbanu Natəvana vurulması faktını haqlı olaraq xalqlarımız arasında qədimdən mövcud olan qohumluq əlaqələrinin bir daha təsdiqi kimi mənalandırır. O, H.Əlizadənin “Şuşa şəhərinin tarixi” əsərindən misal çəkir: “Zərurət zamanı ləzgilərdən ibarət cəsur əsgərlər qarabağlıların köməyinə gəlirdilər. İbrahim xan dağıstanlıların köməyi ilə Qarabağ vilayətinə səfər etmiş və müqavimət göstərən  Kürdəşti alt-üst etmişdi. Həmin döyüşdə İbrahim Xəlil Kürdəşt hakimi Mustafa xanı əsir götürmüşdü”.

Həsən müəllim qeyd edir ki, Qusarın Əniğ və Bədirqala kəndlərində Qarabağlılar nəsli və məhəlləsi mövcuddur. Bunlar bir neçə əsr öncə Qarabağdan bura pənah gətirmiş əhalidən ibarətdir. Onlar yerli əhaliyə qaynayıb-qarışmış, buranın etnik-mədəni xüsusiyyətlərinə uyğunlaşmışlar.

***

“Qarabağ indi elə bil ağ işıq kimidir... Qəhrəman Şuşamız parlaq şüaya qərq olub. Düşmən tapdağından qurtulan digər yurd yerlərimiz azadlıq ziyasına bürünüb. Bir sözlə, igid əsgərlərimiz Qarabağda şanlı tarix yazmaqla üzümüzü ağardıb”. Bu fikirlər Həsən müəllimin “Qarabağ gündəliyi”ndəndir. Müharibə şanlı Qələbəmizlə bitsə də, istedadlı yazar Həsən Xasiyevin kitablarında “davam edir”. Güllə, top-tüfəng, mərmi səsləri kitablarından, onun ağlı-qaralı səhifələrindən eşidilir. Barıt qoxulu sözlərində və misralarında əbədiləşib. Yaratdığı əsərlərlə bir çox ömürlərə şərəf, bir çox başlara ucalıq gətirib.      

Faiq QARDAŞOV
Qusar Dövlət Ləzgi Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi