XIII-XIV əsrlər Azərbaycan ədəbiyyatında zəngin yaradıcılığı və mövzu genişliyi ilə seçilən sənətkarlardan biri Əvhədi Marağayi olub. Klassik Şərq ədəbiyyatının qabaqcıl ənənələrinə sadiq qalan şairin ədəbi irsi klassik ədəbiyyatımızın ən dəyərli nümunələri sırasındadır.

Əvhədi Marağayinin (Rüknəddin) təvəllüd tarixi haqda qaynaqlarda səhih məlumat yoxdur. Ehtimal olunur ki, o, 1274-cü ildə Marağa şəhərində anadan olub. İlk  təhsilini də bu şəhərdə alıb. Marağa təkcə Azərbaycanın deyil, ümumən Yaxın Şərqin elm və sənət ocaqlarından idi. Əvhədi də bu zəngin mühitdə yetişib. Ərəb, fars dillərini mükəmməl bilib. Məntiq, fəlsəfə, ilahiyyat və s. elmlərin sirrinə vaqif olub. Erkən çağlardan poeziyaya maraq göstərən Əvhədi “Safi” təxəllüsü ilə şeirlər yazıb.

Mənbələrdə göstərilir ki, görkəmli şair və mütəfəkkir İmadəddin Nəsimi Əvhədi Marağayi yaradıcılığına rəğbət bəsləyib, əsərlərini mütaliə edib, hətta onun şeirlərinə nəzirələr də yazıb. Məşhur fars şairi Hafiz Şirazi Əvhədini “Piri-təriqət” adlandırıb. Sədi Şirazi isə onu özünə ustad hesab edib.

Əvhədi Marağayi qələminin püxtələşdiyi bir vaxtda İsfahana köçür. Həyatının müəyyən bir hissəsini bu şəhərdə yaşayır. Burada farsca bir çox əsərlər qələmə alır. Bu faktı əldə əsas tutan bəzi maraqlı araşdırmaçılar onu fars şairi kimi təqdim ediblər.

Əvhədinin dövrümüzə gəlib çıxan və elm aləminə məlum olan tərcibənd, qəzəl, rübai, qitə və qəsidələrdən ibarət divanı, Xacə Ziyadəddin Yusifin xahişi ilə yazdığı, 525 beytdən ibarət “Dəhnamə” poeması, 1333-34-cü ildə qələmə aldığı məşhur “Cami-Cəm” didaktik-fəlsəfi məsnəvisi var. Onu da qeyd edək ki, şair “Cami-Cəm” əsərini Azərbaycan hökmdarı Xacə Qiyasəddin Məhəmməd ibn Rəşidə ithaf edib.

Ədəbiyyatşünaslar müəllifin sufilik fəlsəfəsinə əsaslanan “Cami-Cəm”i yüksək qiymətləndirib, əsəri həyatın mənası və insanın özünüdərketmə fəlsəfəsinin kamil nümunələrindən hesab ediblər. “Cami-Cəm”in 1970-ci il nəşrinin ön sözündə görkəmli alim M.Sultanov yazır: “Yeri gəldikcə Azərbaycan sözləri və məsəlləri ilə bəzənən bu əsərin şair tərəfindən “Cami-Cəm” adlandırılması təsadüfi deyildir. “Cami-Cəm” əfsanəvi İran padşahı Cəmşidin istənilən hər şeyi özündə əks edən camına işarədir. Şair demək istəmişdir ki, onun bu əsərində Cəmşidin camında olduğu kimi, hər məsələyə cavab tapmaq olar”.

Əvhədi özü əsərinin “Cami-Cəm” adlanmasını belə izah edir:

Adını “Cəmşidin camı” qoydum mən,
Varlığın əksini onda görərsən.
Hər kəs istəyirsə dünyanı görmək,
Könlü istəyəni burda görəcək.

Əsər şairin sağlığında olduğu kimi, sonrakı dövrlərdə də böyük maraq doğurub. Bir çox klassik şairlərin yaradıcılığına da təsir edib. Müəllif “Cami-Cəm”in məzmunu ilə bağlı yazır:

Bu kitab övliya kitabıdır, bax!
Yaramaz şöhrətçün onu aparmaq.
Bu əlvan naxışlı kitabda olar,
Cənnət, cəhənnəmin yolu aşikar,

İlk günün, hazırın, son günün sözü,
Bir neçə beytlə yazıldı, düzü.
Yaxşının sifəti, yamanın üzü,
Oğrunun hiyləsi, tacirin sözü,
Bir söz artırmadan yazıldı bir-bir,
Tutulmaq bilməyən bir Ay kimidir.

Professor Xəlil Yusifli araşdırmasında yazır ki, Əvhədini İntibah dövründə Şərqin nəcib, qəlbi xalq üçün döyünən ensiklopedik biliyə malik humanist alim və şairlərindən biri kimi səciyyələndirib. Orta Şərq İntibahının elm və ədəbiyyat çeşməsindən bəhrələnən ədib 40 ildən artıq yaradıcılıqla məşğul olub. Ədəbiyyatımızı yeni ideyalar və sənətkarlıq keyfiyyətləri ilə zənginləşdirib.

Əvhədi Marağayi 1338-ci ildə doğulduğu Marağa şəhərində vəfat edib. Qəbri üzərində ucaldılan “Pir Əvhəd-əd-din” adlı məqbərə ziyarətgaha çevrilib. Qəbrin başdaşı üzərində bu sözlər yazılıb: “Bu qəbir böyük ağa, məşhur alim, görkəmli natiq, insanların ən yaxşısı Hüseyn İsfahaninin oğlu, millətin övladı, rəhmətlik Əvhəd-əd-dinindir...”.

Onu da qeyd edək ki, tanınmış ədəbiyyatşünas, tərcüməçi, professor Qulamhüseyn Beqdeli (Bəydili) Əvhədinin həyat və yaradıcılığını geniş şəkildə tədqiq edib. Alimin “Əvhədinin həyat və yaradıcılığı” adlı kitabı 1962-ci ildə işıq üzü görüb. Şairin “Cami-Cəm” əsəri Qulamhüseyn Beqdeli və Xəlil Yusifli tərəfindən farscadan Azərbaycan dilinə tərcümə edilərək 1970-ci ildə “Azərnəşr”də çap olunub.

Savalan FƏRƏCOV