Əsası 1873-cü ilin 10 martında M.F.Axundzadənin “Lənkəran xanının vəziri” komediyasının tamaşası ilə qoyulmuş Azərbaycan milli peşəkar teatrı keşməkeşli illər yaşayaraq zamanın mühakiməsində təsdiqini tapıb.

Milli teatr sənətinin kökləri xalqın məişəti, mədəni irsi, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Azərbaycan peşəkar teatrının inkişaf etməsində böyük xidmətləri olmuş sənətkarlar nəslinin formalaşması xalqın ictimai şüurunun, mədəni dünyagörüşünün yüksəlməsində müstəsna rol oynayıb.

Azərbaycan Prezidentinin 1 mart 2013-cü il tarixli “Milli Teatr Günü”nün təsis edilməsi haqqında sərəncamı ilə hər il martın 10-u ölkəmizdə “Milli Teatr Günü” kimi qeyd olunur.

Bu münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “10 mart – Milli Teatr Günü” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub. Virtual sərgidə fotolar, mövzu ilə bağlı kitab və məqalələr nümayiş olunur.