İraq türkmənlərinin lideri Ərşad Saleh Kərkük qalasının bərpa edilməsi üçün UNESCO-ya müraciət edib. O, müraciətində diqqətə çatdırıb ki, Orta əsrlərə aid mühafizə istehkamının da daxil olduğu bu türk irsinin taleyi təhlükə altındadır.

Hələ 1980-ci illərdə Səddam Hüseyn rejiminin barmaqarası münasibəti nəticəsində qismən dağılmış Kərkük qalası indi də təbiətin gücü qarşısında məhv olmaqdadır. 

İraq Türkmənləri Cəbhəsi rəhbərinin müraciətində deyilir: “Qədim Kərkükün bütün məğzini ifadə edən tarixi artefaktlar səhlənkar münasibət üzündən göz qabağında məhv olur. Biz Kərkük istehkamını xilas etməyə çağırırıq. Bizim çağırışımıza səs verin və tarixi irsimizi qurtarmağa kömək edin”.

Alimlər Kərkük istehkamının ərazisindəki qədim sipərləri Antik dövrə aid edirlər. Kərkük istehkamının Mesopotamiyadakı minillik türk hökmranlığının forpostu olduğunu təsdiqləyən, Səlcuq türkləri dövrünə aid artefaktlar hələ də qalmaqdadır. Bizim günlərədək salamat qalmış Kərkük qala divarları isə Osmanlı imperiyası zamanı ucaldılıb. Müasir İraq türkmənləri üçün Kərkük mədəni və iqtisadi mərkəz, paytaxtdır.

Bir çox siyasi partiyaları, ictimai hərəkat və mədəniyyət assosiasiyalarını özündə birləşdirən İraq Türkmənləri Cəbhəsinin əsas hədəfi ölkənin şimalında kompakt yaşayan təxminən 3 milyonadək türk əhalisinin maraqlarını qorumaqdır.  

GÜLCAHAN