Beynəlxalq Türk Akademiyası (BTA) tərəfindən dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun”, “Yeddi gözəl” poemalarının yer aldığı nəfis tərtibatlı xüsusi nəşr hazırlanır. Nəşr yaxın günlərdə işıq üzü görəcək.

Bu barədə Beynəlxalq Türk Akademiyası və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşkilatçılığı ilə martın 9-da keçirilən “Nizami Gəncəvi – 880. Onun dünya irsinə töhfəsi” adlı onlayn konfransda BTA-nın prezidenti Darxan Kıdırali məlumat verib.

Ötən il dekabrın 30-da Beynəlxalq Türk Akademiyası ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb. Onlayn konfrans bu memorandum əsasında təşkil edilib.

Darxan Kıdırali diqqətə çatdırıb ki, Beynəlxalq Türk Akademiyası Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamını dəstəkləyərək, “Nizami Gəncəvi İli” elan edib. Bununla bağlı yubiley tədbirləri BTA-nın 2021-ci il üçün Fəaliyyət planına salınıb. Xatırladaq ki, BTA-nın layihəsi ilə 2018-ci ildə qazax dilində hazırlanan “Azərbaycan ədəbiyyatı antologiyası”na Nizaminin əsərlərindən parçalar da daxil edilib.

Darxan Kıdırali Nizami irsini dünyada daha yaxşı təbliğ etmək üçün elmi məqalələr və araşdırmalarla yanaşı, qısametrajlı sənədli filmlərin çəkilməsinə də ehtiyac olduğunu, texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə bunun çox önəmli tanıtım vasitəsi olacağını bildirib.

“Nizami və onun irsi”, “Nizami və dünya 2021-ci ildə” adlı panel sessiyalarından ibarət onlayn konfransda müxtəlif ölkələrdən tanınmış ictimai xadimlər, beynəlxalq təşkilat rəhbərləri, görkəmli elm adamları iştirak ediblər.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxışında Nizami Gəncəvinin zəngin yaradıcılığına toxunaraq, Azərbaycan Prezidentinin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsi təkcə Azərbaycan ədəbiyyatı və mədəniyyətinə deyil, bütövlükdə türk dünyasının ədəbiyyatı və mədəniyyətinə olan dərin ehtiram kimi qiymətləndirib.

O, dahi Nizaminin ədəbiyyata gəlişi ilə dünya poeziyasında yeni səhifənin açıldığını qeyd edərək onun irsinin zamana sığmadığını, dahi şairin bütün dövrlərin müasiri olduğunu bildirib.

Günay Əfəndiyeva “Nizami Gəncəvi İli” çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən də bir sıra layihələrin hazırlandığını, şairin yaradıcılığı ilə bağlı tədqiqatların aparıldığını, kitabların çap olunacağını deyib.

Konfransda İCESCO-nun sabiq rəhbəri Əbdüləziz bin Osman əl-Tüveycri, Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vaira Vike-Freiberga və başqaları Nizami Gəncəvinin irsi ilə bağlı öz fikirlərini bölüşüblər.

Qeyd edək ki, Beynəlxalq Türk Akademiyası pandemiya şəraitinin imkan verəcəyi təqdirdə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş daha bir beynəlxalq konfransı şairin doğulduğu Gəncə şəhərində keçirmək niyyətindədir.

Akademiyanın rəhbəri Darxan Kıdırali qeyd edib ki, konfransda Nizami Gəncəvinin əsərlərini dünya dillərinə çevirən tərcüməçilərin, nizamişünas alimlərin və ədəbiyyatşünasların iştirakı gözlənilir. Tədbir çərçivəsində şairin “Leyli və Məcnun” əsərini Qazaxıstanda səhnələşdirən K.Kuanışbayev adına Qazaxıstan Milli Akademik Teatrının yaradıcı heyətinin Gəncə və Bakı şəhərlərinə qastrol səfəri də nəzərdə tutulur.