Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov aprelin 1-də Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb.

Səfiri salamlayan nazir Anar Kərimov Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin zəngin tarixə malik olduğunu, mövcud dostluq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin uğurla inkişafına zəmin yaratdığını qeyd edib. Diqqətə çatdırılıb ki, dövlət başçılarının qarşılıqlı səfərləri, iki ölkə arasında imzalanmış sənədlər mədəni əməkdaşlığın genişləndirilməsinə də əhəmiyyətli töhfə verir.

Söhbət zamanı Azərbaycanla Gürcüstan arasında kreativ sənaye, film istehsalı, ümumilikdə mədəniyyətin müxtəlif sahələrində təcrübənin bölüşülməsi, eləcə də qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, rəsmi səfərlərin və birgə tədbirlərin təşkili məsələləri barədə fikir mübadiləsi aparılıb.

Səmimi qəbul üçün minnətdarlığını bildirən səfir Zurab Pataradze xalqlarımız arasında tarixən formalaşmış dostluq münasibətlərinin bu gün də ölkələrimizin maraqlarına xidmət etdiyini deyib. İki ölkə arasında münasibətlərin daim möhkəmlənəcəyinə əminliyini ifadə edən diplomat mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində birgə layihələrin reallaşdırılmasının vacibliyini vurğulayıb.

Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində qarşılıqlı fəaliyyətin perspektivlərinə də toxunulub, əməkdaşlıqla bağlı maraq doğuran digər məsələlər müzakirə edilib.