Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev idarənin əhatə etdiyi müəssisələrin rəhbərləri ilə onlayn müşavirə keçirib. İdarə rəisi mədəniyyət sahəsində çalışan işçilərin vaksinasiyaya cəlb edilməsi üçün düzgün maarifləndirmə tədbirlərinin təşkili haqqında danışıb. COVİD-19-a qarşı aparılan peyvəndləmədə aktiv iştirakın vacibliyi vurğulanıb.

***

Sabirabad Regional Mədəniyyət İdarəsi Saatlı Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Qobustan Milli Tarix-Bədii Qoruğunun birgə təşkilatçılığı ilə “Region muzeyləri üçün Qobustan təcrübəsi” mövzusunda onlayn konfrans keçirilib. Konfransda Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Qobustan qoruğunun direktoru Vüqar İsayev və bir sıra mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər.

Sabirabad rayon M.Ə.Sabir adına Mərkəzi kitabxanasında Sabirabad Dövlət Sosial-İqtisadi Kolleci tələbələrinin iştirakı ilə Nizami Gəncəvinin 880 illiyi münasibətilə tədbir təşkil olunub.

***

Bərdə Regional Mədəniyyət İdarəsində aparat işçilərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Yevlax şəhər Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Sarayı tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Oqtay Rəcəbovun 80 illiyi münasibətilə videoçarx hazırlayıb.

***

Gəncə Regional Mədəniyyət İdarəsində Gəncədə yaşayıb-yaradan yazıçı-jurnalist Ruhulla Zahidovun “Gəncə Vətən müharibəsində” kitabının təqdimatı keçirilib. Kitabda Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun işğal altında olan ərazilərimizi azad etməsindən, Gəncəyə qarşı erməni terrorundan, eləcə də qazanılan şanlı Qələbədə gəncəlilərin rolundan bəhs olunur.

Goranboy rayon Mərkəzi kitabxanasının işçiləri tanınmış şair, tərcüməçi, ictimai xadim Ənvər Əlibəylinin (1916-1968) 105 illiyi münasibətilə onlayn şeir gecəsi keçirib.

***

Şəki Regional Mədəniyyət İdarəsi Şəki şəhər 3 nömrəli Uşaq musiqi məktəbi kollektivinin iştirakı ilə “Koronavirusa qarşı mübarizə” mövzusunda videokonfrans keçirilib.

Zaqatala rayon Eyvaz Əlixanov adına Yengiyan kənd Mədəniyyət evinin təşkilatçılığı ilə kənd sakini, Vətən müharibəsi qazisi Əli Əlixanovla görüş keçirilib.