Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayonu üzrə nümayəndəliyi və tabe müəssisələrin əməkdaşları Vətən müharibəsi şəhidi Rafiq Məcidovun ailəsi ilə görüşüblər.

Şuşa rayon Xanalılar kənd Uşaq musiqi məktəbinin (Mingəçevir şəhəri) kollektivi Vətən müharibəsi şəhidi Əzəmi Hüseynovun ailəsi ilə görüşüb, məzarını ziyarət ediblər.

***

Şəki Regional Mədəniyyət İdarəsi Oğuz rayon Mərkəzi kitabxanası, rayon Gənclər və İdman İdarəsi, Təhsil şöbəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Şəki şöbəsinin birgə təşəbbüsü ilə “Böyük Zəfərimizin başlanğıcı” adlı videokonfrans keçirilib.

Qax rayon Zərnə kənd Mədəniyyət evinin kollektivi Vətən müharibəsi şəhidi Hacıəhməd Hacıəhmədlinin doğum günündə məzarını ziyarət edib. Mərasimdə iştirak edən şəhidin döyüşçü yoldaşları onun keçdiyi şərəfli döyüş yolundan söhbət açıb və Şuşa şəhərindən gətirdikləri torpağı məzarın üzərinə səpiblər.

***

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa Dövlət Rəsm Qalereyasında Aprel döyüşlərinin 5-ci ildönümünə həsr edilmiş rəsm dərnəyi şagirdlərinin əl işlərindən ibarət “Qəhrəmanlar unudulmur” adlı sərgi təşkil edilib.

Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi kitabxanası və filialları “Aprel  döyüşləri – Zəfərin başlanğıcı” adlı onlayn tədbir keçirib. Sonda “Aprel döyüşləri bizim şanlı Qələbəmizdir” başlıqlı onlayn sərgi nümayiş etdirilib.

***

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə Dövlət Rəsm Qalereyası “Şəhidlərin dünyası” adlı videoçarx hazırlayıb. Videomaterialda ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda edən igid oğulların örnək ömür yoluna işıq salınır.

***

Kürdəmirdə Vətən müharibəsinin şəhid giziri Cəmil Həşimlinin xatirəsinə tikilən bulağın açılışı olub. Bulaq şəhidin vaxtilə təhsil aldığı 3 saylı orta məktəbin həyətində inşa edilib.

Tədbirdə Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı və idarənin bir qrup əməkdaşı, şəhidin ailə üzvləri, müxtəlif bölgələrdən gəlmiş şəhid anaları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Məktəblilər vətənsevərlik ruhlu şeirlər səsləndirib, ədəbi-bədii kompozisiya nümayiş olunub.

***

Ağdaş Regional Mədəniyyət İdarəsi Ağdaş Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış polkovnik-leytenant Atəm Əliyevin ailəsi ilə görüşüblər.