Türk Şurası çərçivəsində media sahəsində əməkdaşlığın daha da sistemləşdirilməsinin tərəfdarıyıq. Bu günədək yaxşı təşəbbüslər olub. Lakin gəldiyimiz qənaətlərdən biri odur ki, təşkilat çərçivəsində Media Koordinasiya Komitəsi yaradılmalıdır. Necə ki, digər sahələrdə davamlı olaraq müvafiq komitələr çərçivəsində iş aparılır, bu istiqamətdə də işlər görülməlidir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu fikirləri jurnalistlərə açıqlamasında bildirib.

Prezidentin köməkçisi deyib: “Türkdilli ölkələrin dövlət media qurumları ilə bərabər, özəl media qurumları arasında da təmasların qurulmasına ehtiyac var. Çünki məqsəd məlumatların geniş şəkildə işıqlandırılmasına nail olmaqdır. Mediaforum konsepsiyası barədə də düşünürük. Ölkələr arasında biznes-forumlar keçirildiyi təqdirdə, media sahəsində də birbaşa əlaqələr qurulması məqsədəuyğundur. Bu gün media agentlikləri tərəfindən ilkin mənbədən olmayan məlumatlara istinadlar çoxdur”.

 

Media resurslarımız arasında daha sıx əlaqələr qurulmalıdır

 

Türkdilli ölkələrin media resursları arasında ortaq yayımının olduğunu diqqətə çatdıran Hikmət Hacıyev bildirib ki, bu, əsasən dövlət televiziya resursları vasitəsilə həyata keçirilir. “Bildiyiniz kimi, “TRT AVAZ” uzun müddətdir fəaliyyət göstərir. Azərbaycan Televiziyasının və İctimai Televiziyanın Türkiyədən və digər qardaş ölkələrdən olan televiziya resursları ilə əlaqələri mövcuddur, həmçinin AZƏRTAC-ın münasibətləri var. Amma ortaq qiymətləndirməmiz ondan ibarətdir ki, dost və qardaş ölkələrimiz haqqında verilən məlumatların həcmi bu gün tam qaneedici səviyyədə deyil. Məsələn, qardaş Türkiyə ilə Azərbaycan arasında bu münasibətlər çox yaxşı şəkildə qurulub. Biz Vətən müharibəsi dövründə də gördük ki, qardaş Türkiyə mediası Azərbaycanın media mənsubları ilə çiyin-çiyinə ön cəbhədən xəbərləri verirdilər. Amma qardaş Mərkəzi Asiya ölkələrinin media resurslarında Azərbaycan xəbərlərinin daha fəal şəkildə işıqlandırılması, yaxud onların xəbərlərinin ilkin mənbədən alınaraq ölkəmizin mediasında işıqlandırılması üçün birgə fəaliyyətə ehtiyac var”, - deyə Prezidentin köməkçisi əlavə edib.

 

Sosial media üzrə birgə fəaliyyət vacibdir

 

Sosial media üzrə birgə fəaliyyət imkanlarından da danışan Hikmət Hacıyev qeyd edib ki, Türkiyədə sosial media münasibətlərinin qurulması, həmçinin sosial platformaları təqdim edən şirkətlər qarşısında hüquqi müstəvidə məsələlər qaldırılması təcrübəsi var: “Azərbaycanda da sosial media məsələlərində akkauntları işlədənlərin kimlikləri barədə məlumatların olmaması və bunu həyata keçirən platformalar barədə məlumat verilməməsi, sosial media vasitəsi ilə terrorizm, zorakılıq və digər neqativ halların təbliğ olunması kimi tendensiyalar var. Bunun qarşısının alınması gündəmə çıxanda “Facebook”, “Twitter” və digər sosial platformalar tərəfindən lazımi imkanlar yaradılmır. Almaniyanın özündə də bununla əlaqədar qanunlar qəbul edilib ki, hər hansı zorakılıq və Almaniyanın qanunlarına uyğun gəlməyən hallar olduqda onlar bu məsələləri sosial media platformaları qarşısında qaldırırlar. Ona görə də bu məsələdə də təkcə Azərbaycanın yox, digər qardaş ölkələrin də narahatlıqları var. Sosial mediada gedən, cəmiyyətimizin və insanlarımızın sosial-mənəvi durumuna təsir edə biləcək hallar var. Xüsusən bəzi erməni təbliğat dairələri sosial şəbəkələrdən istifadə edərək neqativ fikirlərin cəmiyyətə çatdırılması kimi hədəflər də güdürlər. Bu məsələ də əməkdaşlığımızın ilkin çalarları barədə geniş fikir mübadiləsi aparılıb”.