Özbəkistan paytaxtındakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) “Nizami Gəncəvi ili” ilə bağlı xeyriyyə tədbiri keçirilib.

Tədbirdə Daşkənddəki 21, 22, 23 və Gülüstan şəhərindəki 30 nömrəli uşaq evlərinin 200-dən artıq şagird və müəllimi iştirak edib. İştirakçıların əksəriyyəti valideyn himayəsindən məhrum, habelə fiziki qüsurlu uşaqlar olub.

Əvvəlcə iştirakçılar AMM-dəki Azərbaycan tarixi muzeyi, habelə mərkəzin foyesində Nizami Gəncəviyə həsr olunmuş kitab və foto sərgiləri ilə tanış olublar. Sərgilərdə şairin yaradıcılığı, hikmətli sözləri, habelə ölkəmizlə bağlı kitablar nümayiş etdirilib.     

AMM-in direktoru Samir Abbasov çıxış edərək Azərbaycan-Özbəkistan dostluğundan söz açıb. Nizami Gəncəvinin yubileyi və “Nizami Gəncəvi İli” ilə əlaqədar keçirilən tədbirlərdən bəhs edən direktor Nizaminin Azərbaycan və türk dünyasının böyük şairi kimi yaradıcılığına nəzər salıb.

Daşkənd şəhərindəki 30 saylı internat evinin direktoru Pakizə Əhmədcanova AMM-in təşəbbüsünü yüksək qiymətləndirib, əsl dost layihəsi ilə dahi Nizami Gəncəvinin yaradıcılığı, onun əsərləri haqqında uşaqların geniş məlumat əldə etdiyini deyib. Pakizə Əhmədcanova tədbirin təşkilatçılarına fəxri diplomlar təqdim edib.

Sonra Nizami Gəncəviyə həsr olunmuş sənədli film nümayiş etdirilib. Tədbirdə Özbəkistan müğənniləri Azərbaycan və özbək dillərində musiqilər ifa edib, uşaq evlərinin musiqi kollektivləri özbək və dünya xalqlarının mahnı və rəqslərini, AMM nəzdindəki “Azərbaycan qızları” ansamblı milli rəqslərimizi təqdim ediblər.