18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunan bu əlamətdar günün məqsədi insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Ənənəvi olaraq mədəni irsi yaşadan məkanlarda, mədəniyyət qoruqlarında çeşidli tədbirlər, sərgilər, maraqlı ekskursiyalarla qeyd olunan gün artıq ikinci ildir ki, pandemiya şəraitinə təsadüf edir. Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü bu il də bəlli məhdudiyyətlər və müxtəlif ölkələrdəki mövcud karantin şərtləri nəzərə alınmaqla qeyd olunacaq.

Qeyd edək ki, Azərbaycanın üç tarix-mədəniyyət və abidələr məkanı – Qobustan qayaüstü rəsmləri (Qobustan Milli Tarix-Bədii Qoruğu), İçərişəhər Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə (“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu) və Şəki şəhərinin tarixi hissəsi Şəki xan sarayı ilə birlikdə (“Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu) UNESCO-nun Dünya irs siyahısına daxil edilib. Onlardan biri – Qobustan qoruğu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərir. Ümumilikdə isə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində 14 tarix-mədəniyyət qoruğu var.