Qarabağda işğaldan azad olunmuş ərazilərin bərpasında bir sıra istiqamətlər üzrə – həm şəhərsalma, həm infrastrukturun yaradılması, kənd təsərrüfatının inkişafı sahələrində Belarus şirkətlərinin gələcək iştirakı ilə bağlı məsələləri ətraflı müzakirə etdik. Belarusun aqroşəhərciklər yaradılması sahəsində təcrübəsini geniş müzakirə etdik. Qarabağ “yaşıl enerji” zonası elan edilib və birinci “ağıllı kənd” layihəsi praktiki olaraq həyata keçirilməyə hazırdır. Bu sahədə Belarusun təcrübəsi nəzərə alınmaqla bu istiqamətdə işləmək çox maraqlı olardı.

Prezident İlham Əliyev bu sözləri aprelin 14-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşdən sonra mətbuata açıqlamasında deyib.

Dövlət başçısı bildirib ki, ərazilərin bərpası işlərinə yalnız dost ölkələrdən olan şirkətləri cəlb edəcəyik: “Belarus da Azərbaycan üçün belə ölkədir. Qarabağın bərpası layihələrində üç dost ölkədən olan şirkətlər artıq işləyirlər. Ümidvarıq ki, dördüncü ölkə Belarus olacaq. Biz bu sahədə məsləhətləşmələri davam etdirmək üçün Azərbaycan hökumətinin üzvlərinin Belarusa səfərləri barədə artıq razılıq əldə etmişik”.

Prezident əlavə edib ki, sənaye kooperasiyası bizim münasibətlərin çox böyük seqmentidir: “Biz bu layihəni Belarus traktorlarının yığılmasından başladıq, sonra başqa istehsalatlara – avtomobillər, yük maşınları, kombaynlar, avtobuslar və bizim “Yaşıl Qarabağ zonası” konsepsiyası çərçivəsində işimizə çox yarayacaq elektrobuslar istehsalını da nəzərdə tuturuq. Alternativ enerji mənbələri yaradılmasında Belarus şirkətlərinin iştirakı ilə bağlı məsələləri də müzakirə etdik. Bir sözlə, görüləsi işlər çoxdur”.

Öz növbəsində Belarus Prezidenti bu istiqamətdə Azərbaycanla işbirliyinə hazır olduqlarını deyib: “Ticari-iqtisadi sahədə əməkdaşlıq, kooperasiyanın daha yüksək mərhələsinə keçid, müştərək müəssisələr, texnologiyanın verilməsi və burada Azərbaycana lazım olan, lakin ənənəvi sovet dövründə və indi də malik olmadıqları istehsalatlar yaradılması barədə danışdıq. Biz burada, xüsusən işğaldan azad olunmuş və bərpa ediləcək ərazilərdə birgə müəssisələr yaratmağa hazırıq”.