Amma keçmişdə olanları heç vaxt unutmayacağıq: “Bu yaddaş qəlblərimizdə yaşayacaq”

Biz münaqişədən sonrakı inkişafdan danışırıq və gələcək barışığa apara biləcək müəyyən elementlər üzərində diqqətimizi cəmləşdirməliyik. Lakin Ermənistanda o qədər uzun müddət dövründə Azərbaycana qarşı demonizasiya siyasəti, uydurmalar, azərbaycanlıları düşmən, Azərbaycanın isə sanki Ermənistanı və Qarabağı işğal edən formada təqdimatı hökm sürüb ki, cəmiyyətin bunun əksini dərk etməsi üçün vaxt tələb olunacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib. Dövlət başçısı beynəlxalq konfransda iştirak edən xarici ekspertlərin suallarını cavablandırıb.

Prezident vurğulayıb ki, 2020-ci ilin 44 günlük müharibəsində Azərbaycan yalnız XXI əsrin müharibəsini deyil, eyni zamanda yeni mənəvi qaydalar əsasında döyüşlər aparıb: “Mənim hərbçilərimizə verdiyim ilk əmrlərdən biri ləyaqətlə, təmkinlə davranmaları və mülki vətəndaşlara zərər verməməyə maksimum çalışmaqla bağlı idi. Bunun nəticəsində Ermənistan tərəfinin mülki vətəndaşlar arasında itkiləri 40 nəfərdən az oldu. Biz ərazilərimizi azad edirdik və bu ərazilərin bir hissəsində qanunsuz məskunlaşma aparılmışdır. Beləliklə, bizim hücum əməliyyatlarımız və texniki vasitələrimizin yeganə hədəfləri hərbi hədəflər idi. Həmin 40 nəfər mülki erməninin böyük bir hissəsi də hərbi əməliyyatlarda iştirak edənlər idi”.

Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan tərəfi müharibədən sonra da eyni davranış nümayiş etdirib: “Biz 1500-dən çox erməni əsgərinin cəsədlərini Ermənistana təhvil vermişik. Biz Rusiya sülhməramlıları ilə birlikdə axtarış əməliyyatlarında iştirak edirik. Onu da deməliyəm ki, Birinci Qarabağ müharibəsində bizim 4 min hərbçimiz itkin düşüb və bir cəsəd belə bizə qaytarılmayıb. Budur, aramızda olan fərq. Biz dəmir yolumuz vasitəsilə Rusiya sülhməramlı qüvvələrinə maneəsiz nəqliyyat və logistika dəstəyini təmin edirik. Onlar dəmir yolu vasitəsilə yüklərini Bərdəyə daşıyır. Bu yüklərin hava yolu ilə İrəvana, oradan isə 5-6 saat avtomaşınlarla Laçın dəhlizindən daşınmasından daha tez və ucuz başa gəlir. Mən digər çoxsaylı nümunələr sadalaya bilərəm. Biz Rusiya ərazisində təmir işlərinin aparılması ilə əlaqədar “Qazprom” şirkətinə Azərbaycan üzərindən Ermənistana təbii qazın nəqlinə icazə vermişik. Biz yox da deyə bilərdik, ancaq biz buna icazə verdik. Bu da bir göstəricidir, bir jestdir. Biz Zəngilan və Qubadlı rayonlarının ərazisində ermənilərə 21 kilometr uzunluğunda yolumuzdan istifadə etməyə icazə veririk. Həmin yol Azərbaycan ərazisindədir və əvvəllər ermənilər tərəfindən istifadə edilib. Biz buna mane olmadıq, ancaq müharibə dövründə işğal altında saxladıqları ərazilərdə bizə bir metr irəli hərəkət etməyə icazə verirdilərmi? Xeyr. Yəni, bütün bunlar birtərəfli qaydada atılmış addımlardır. Bu, təkcə jest deyil, bu, müharibə səhifəsini çevirməklə bağlı düşünülmüş siyasətdir”.

Prezident qeyd edib ki, biz heç vaxt Ermənistan və qondarma “Dağlıq Qarabağ rejimi”nin rəhbərliyi tərəfindən törədilmiş Xocalı soyqırımını və günahsız qurbanların xatirəsini unutmayacağıq. Bu səbəbdən həmin yaddaşın bizimlə qalacağını anlamaq olduqca vacibdir. Bu yaddaş qəlblərimizdə yaşayacaq. Eyni zamanda biz gələcəyə baxmalıyıq.

 

Vətəndaş cəmiyyətləri sülhə töhfə verə bilər

 

Dövlət başçısı bu xüsusda iki ölkənin vətəndaş cəmiyyətlərinin sülhün möhkəmləndirilməsində rolu, eləcə də Qarabağa – dədə-baba yurdlarına qayıdacaq azərbaycanlı əhalinin erməni əhali ilə münasibətlərinin necə qurulacağı barədə suallara da cavab verib.

“Hesab edirəm ki, burada biz Ermənistanın vətəndaş cəmiyyətinin daha fəal olmasını gözləyirik. Çünki bu gün Ermənistanda nə hökumət, nə də müxalifət Azərbaycan haqqında nəinki müsbət, heç neytral fikir söyləmək iqtidarında deyil. Bu azərbaycanofobiya konsepti, onilliklər ərzində azərbaycanlılara qarşı nifrətin aşılanması, əslində, erməniləri hüquqlarından məhrum edib. Ancaq hesab edirəm ki, onlar özlərində cəsarət tapmalı, erməni xalqına həqiqəti söyləməlidirlər. Müharibə artıq tarixdə qalıb, münaqişə həll edilib və biz gələcəyə baxmalıyıq”, – deyə İlham Əliyev vurğulayıb.

Prezident qeyd edib ki, bu vəziyyətdə Ermənistanın vətəndaş cəmiyyəti mühüm rol oynaya bilər: “Xüsusilə də mənim Ermənistanın siyasi seqmentindən gözləntilərim haqqında fikirlərimin fonunda. Burada barışıq məqsədilə addımların atılması üçün vətəndaş cəmiyyətinin fəaliyyəti ilə bağlı geniş imkanlar mövcuddur. Sizin də bununla bağlı bəlkə məlumatınız var – Ermənistanın vətəndaş cəmiyyətinin çox azsaylı nümayəndələri var ki, Azərbaycanla sülh barəsində danışsın. Belə fikir söyləyənlər isə ictimai təqiblərə, bəzən fiziki hücumlara məruz qalırlar. Onlara xəyanətkar deyilir və erməni siyasətçiləri onları türk adlandırırlar. Bu isə onların siyasi jarqon dilində yəqin ki, təhqir deməkdir. Yəni, siyasətçilər onlara hədə-qorxu gəlirlər. Biz, hətta münaqişə dövründə vətəndaş cəmiyyəti nümayəndələri arasında körpü yaratmağa cəhdlər etmişik. İki dəfə belə bir nümayəndə heyəti Ermənistanda və Qarabağda səfərdə oldu. Onlar da Bakıya səfər etdilər. Lakin vətəndaş cəmiyyətinin nümayəndələri, jurnalistlər və parlament üzvlərinin ikinci səfərindən sonra erməni tərəfi bunu dayandırdı. Mən Ermənistanın o zamankı prezidenti Sarkisyandan soruşanda ki, bunu niyə dayandırdınız, cavab verə bilmədi. Sonra məlum oldu ki, onlar müəyyən yaxınlaşma, müəyyən əməkdaşlıq elementlərinin yarana biləcəyindən qorxdular. Yəni, onlar hər zaman buna mane olurdular. Ancaq indi onlar fərqli vəziyyətdədir. Biz mesajlarımızı Ermənistan cəmiyyətinə çatdırmaq iqtidarında olmalıyıq. Bu baxımdan resurslar məhduddur. Ermənistanda ictimai mühitə hökumət tərəfindən ciddi nəzarət edilir və dediyim kimi, Azərbaycanla bağlı deyilən istənilən müsbət söz xəyanət hesab olunur. Bu səbəbdən, beynəlxalq təşkilatlar, xüsusilə də münaqişədən sonrakı dövrdə barışıq və münasibətlərin normallaşdırılması, habelə etimad quruculuğu tədbirləri sahəsində təcrübəsi olanlar daha fəal ola bilərlər. Bu işdə QHT-lərin rolu böyük ola bilər və Azərbaycan bu məsələdə QHT-lərlə çalışmağa hazırdır”.

Qarabağda azərbaycanlıların və ermənilərin gələcəkdə necə qarşılıqlı əlaqədə olacağına gəlincə, dövlət başçısı bildirib ki, bu, əhəmiyyətli dərəcədə siyasətçilərin iradəsindən və siyasi müdrikliyindən asılı olacaq: “Çünki düşünürəm ki, körpülər yaratmağa çalışmaq üçün burada və İrəvanda bizim daha fəal olmağımıza ehtiyac var. Əlbəttə ki, əgər Ermənistan bunu istəyirsə. Biz onların niyyətlərinin nə olduğunu bilmirik. Onlar heç vaxt bu barədə ətraflı məlumat verməyiblər. Mən artıq dəfələrlə açıq şəkildə bildirmişəm ki, biz münaqişə səhifəsini bağlanmış hesab edirik. Biz, hətta Ermənistanla mümkün sülh razılaşması barədə danışa bilərik və mən bunu bir neçə dəfə demişəm. Bizim planlarımız budur. Lakin biz Ermənistan tərəfdən bu cür mesajlar almamışıq. Ermənistanın baş naziri susur, Ermənistanın xarici işlər naziri çox aqressivdir və indi Ermənistan elə vəziyyətdə deyil ki, Azərbaycana qarşı aqressiv olmağı özünə rəva görsün. Onlar müharibə vaxtı nə baş verdiyini xatırlamalıdırlar”.

Prezident diqqətə çatdırıb ki, Ermənistan müxalifəti hazırda faktiki olaraq isterikadadır və azərbaycanofobiya, türkofobiya onların əsas amili olub. Onlar öz seçki kampaniyalarını azərbaycanofobiya, türkofobiya, revanşizm hissləri üzərində quracaqlar: “Ona görə də biz bu qarşılıqlı fəaliyyəti birtərəfli qaydada qura bilmərik. Bizim mövqeyimiz aydındır. Biz buna hazırıq. Bu, asan olmayacaq. Ağdam və digər ərazilərə qayıdacaq keçmiş qaçqınlar ermənilərin onların torpaqlarına, əzizlərinin qəbirlərinə, dini abidələrinə nə etdiyini görəcəklər. Onlar nə hiss edəcəklər? Mən proqnozlaşdıra bilərəm. Mən müharibə vaxtı təmas xəttinə yaxınlaşanda, Ağdamı yalnız binoklla görə biləndə və bütün işğal olunmuş ərazilərə gedəndə eyni hissi keçirmişəm. Bəli, mən Prezidentəm və vəzifələrimə uyğun davranmalıyam. Lakin biz hamımız insanıq, hisslərimiz var. Biz onları gizlədə bilərik, onlara nəzarət edə bilərik, lakin bəzən bu, çox çətin olur. Buna görə də mən proqnozlaşdıra bilmərəm, əksinə, mən keçmiş azərbaycanlı qaçqınların nə hiss edəcəyini proqnozlaşdıra bilərəm. Lakin Prezident olaraq, gələcəyə baxan bir şəxs olaraq, əgər Ermənistan bizə müsbət işarələr versə, biz bu əlaqələri qura bilmək üçün hər şeyi edərik. Bizim tərəfimizdən birtərəfli qaydada edilənlər, mən artıq qeyd etmişəm, bunun aydın göstəricisidir. Mənə inanın ki, biz bunların heç birinin olmasına imkan verməyə bilərdik və heç kim bizi məcbur edə bilməzdi. Biz bunu düşünülmüş şəkildə etmişik”.

Müharibədən sonra regionda əməkdaşlıq və nəqliyyat əlaqələri barədə suala cavabında İlham Əliyev bildirib ki, Azərbaycan, Türkiyə, Rusiya, İran regional əməkdaşlıqla bağlı eyni yanaşmanı bölüşür və indi əsas diqqət nəqliyyat sahəsinə yönəlib. Çünki bu vəziyyətdə uduzan tərəf yoxdur. Bundan hamı udur: “Ermənistan da səssiz olaraq qoşulub, lakin açıqlamalarda onlar qoşulmadıqlarını deyirlər. Onlar bu xəstəliyi, azərbaycanofobiya və türkofobiyanı müalicə etməlidirlər. Beləliklə, bu əməkdaşlığın ölkələr üçün hansı üstünlüklərinin olması çox aydındır. Hesab edirəm ki, Ermənistan da bu üstünlüyün böyük bir payını əldə edən ölkə olacaq, çünki bu gün onların Rusiya ilə dəmir yolu bağlantısı yoxdur, İranla dəmir yolu bağlantısı yoxdur. Ermənistandan İrana dəmir yolunu inşa etmək üçün bir qeyri-real plan var idi. Lakin düşünürəm ki, onlar hesablamalar aparıb bunun 3 milyard dollara başa gələcəyini anladılar. Yaxşı layihədir, lakin onun pulunu kim ödəyəcək? Bu, sualdır. Beləliklə, onlar bu layihədən artıq vaz keçdilər”.

 

Qarabağda əsas infrastruktur layihələri üç ilə başa çatacaq

 

Prezident diqqətə çatdırıb ki, regionda dəmir yolu nəqliyyatının işə salınması ilə Ermənistanın Rusiyaya, İrana və potensial olaraq Türkiyəyə çıxışı olacaq. Azərbaycan Zəngəzur dəhlizi vasitəsilə öz dəmir yolunu Naxçıvan və Türkiyə ilə birləşdirəcək. Rusiyanın Azərbaycan, Ermənistan ərazilərindən Türkiyə ilə əlavə bağlantısı olacaq. İranın da Ermənistanla bağlantısı olacaq: “Bu, İrandan Rusiyaya Cənub-Şimal nəqliyyat dəhlizinin də bir hissəsi ola bilər. İran ərazisində dəmir yolunun sonuncu seqmenti olan Astara-Rəşt tikilməyib. Orada işlər gedir. Lakin biz Ermənistanla sərhədimizə dəmir yolu bağlantısını növbəti iki ilə, maksimum iki il yarıma inşa etməyi planlaşdırırıq. Bu, dəqiq tikiləcək. Çünki biz artıq büdcə ayırmışıq və işlər başlayıb. Bu işlər və Zəngəzurun da 40 kilometri bitənə kimi. Lakin bu, Rusiya dəmir yolu tərəfindən həyata keçirilməlidir. Buna da səbəb odur ki, Ermənistan dəmir yolları Rusiya dəmir yolları şirkətinə məxsusdur. Bizə artıq onların bunu etməyi planlaşdırdığı ilə bağlı məlumat verilib. Beləliklə, bu, Ermənistan, Naxçıvan, Zəngilan və sair ərazilərdən keçən Cənub-Şimal dəhlizidir. Bunlar açıq-aydın üstünlüklərdir və biz bu istiqamətlərdə çalışmalıyıq”.

Qarabağda həyata keçiriləcək bərpa işləri barədə suala cavabında İlham Əliyev bildirib ki, biz azad olunmuş ərazilərdə planlaşdırdığımız işləri öz vəsaitimiz hesabına həyata keçiririk. Heç bir beynəlxalq təşkilat və ya dövlətdən yardımla bağlı hər hansı mesaj almamışıq. Onlar yardım edərlərsə, biz buna görə minnətdar olarıq.

Prezident qeyd edib ki, biz yol xəritəsini tam yekunlaşdırmamışıq, ancaq ümumiyyətlə bilirik ki, hansı işlər görüləcək: “Qarşıdan gələn 3 il ərzində biz bütün əsas infrastruktur layihələrini – dəmir yolu, avtomobil yolları, elektrik enerjisi istehsalı və su təchizatı layihələrini başa çatdıracağıq və tikinti işlərinin fəal fazasında olacağıq. Biz işləri düzgün planlaşdırmalı və aparmalıyıq. Bütün şəhər və kəndlərin bərpası üçün zəruri master-planlar olmalıdır. Çünki oraya qayıdacaq insanlar lazımi yaşayış şəraiti ilə təmin edilməlidir. Onlar dövlətdən asılı olmamalıdır. Həmin ərazilərdə münbit torpaqlar və kifayət qədər su ehtiyatları mövcuddur. Biz orada yaşayacaq vətəndaşlarımızın maliyyə cəhətdən müstəqil olmasını istəyirik. Dediyim kimi, tikinti işlərinin fəal mərhələsində olacağıq və hesab edirəm ki, həmin vaxta qədər Zəngəzur dəhlizi mütləq istifadəyə veriləcək. Biz hədəf kimi iki, iki il yarım müddət müəyyən etmişik. Mehri bölgəsindən keçən 40 kilometrlik yolun inşası bundan çox vaxt apara bilməz. Əlbəttə, bunlar əlaqələndirmə şəraitində və Ermənistan tərəfindən süni maneələr yaradılmadığı təqdirdə baş tuta bilər”.