BMT-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşları münaqişədən zərər çəkmiş Bərdə, Ağdam və Tərtər rayonlarına səfər edib. Üç gün davam edən səfərin məqsədi BMT-nin bu rayonlarda gördüyü işləri, cari humanitar ehtiyacları, eləcə də fəaliyyətlərin əlaqələndirilməsini müzakirə etmək olub.

Hərbi əməliyyatlar dayandırıldıqdan sonra BMT-nin Azərbaycandakı nümayəndəliyi münaqişə nəticəsində müvəqqəti olaraq yaşayış yerlərini tərk etmiş əhalinin vacib humanitar ehtiyaclarını qarşılamaq üçün tədbirlərə başlayıb. BMT Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq çərçivəsində ehtiyacların dəyərləndirilməsi üçün bir neçə missiya həyata keçirib.

Humanitar fəaliyyəti dəstəkləmək üçün BMT-nin Azərbaycanda fəaliyyət göstərən agentliklərinin maliyyə vəsaiti ilə yanaşı təşkilatın Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (UN OCHA) Vahid Təcili Yardım Fondundan (CERF) 2 milyon dollar ayırıb.