Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyası tərəfindən elmi işçi Fidan Nəsirovanın “Zülfüqar Hacıbəyovun yaradıcılığı və “Nüşabə” operası” mövzusunda onlayn seminarı keçirilib.

BMA-dan bildirilib ki, məruzəçi Üzeyir Hacıbəylinin böyük qardaşı Zülfüqar Hacıbəylinin yaradıcılığına nəzər salıb, onun yarımçıq qalmış “Nüşabə” operasını təhlil edib. Qeyd edib ki, 1907-ci ildə Bakıya köçmüş Zülfüqar Hacıbəylinin ilk musiqi əsərləri operettalar olub. O, “Əlli yaşında cavan”, “Evliykən subay” və digər əsərlərini yazıb. Onun irihəcmli əsərlərindən biri 1915-ci ildə xalq dastanı əsasında yazdığı və yaradıcılığında mühüm yer tutan “Aşıq Qərib” operasıdır. Opera xalq musiqisi ilə Avropa musiqisinin sintezini özündə əks etdirir.

Görkəmli sənət xadim kimi Z.Hacıbəyov respublikanın mədəni həyatında fəallıq göstərib. Arxivdə bəstəkarın müxtəlif janrlarda yazdığı yarımçıq qalmış əsərləri var. Abdulla Şaiqin librettosuna yazılmış “Nüşabə” operası üzərində işlədiyini sübut edən çoxlu materiallar aşkar edilib. "Nüşabə" operası Nizami Gəncəvinin "İsgəndərnamə" poemasının motivləri əsasında yazılıb.

Məruzəçi bildirib ki, “Nüşabə” operasında Bərdə hökmdarı Nüşabənin igidliyi və şücaəti tərənnüm olunur. Nizami Gəncəvi öz poemasında mərd, iradəli, ağıllı və bacarıqlı Bərdə hökmdarı Nüşabə obrazını yaratmaqla yeni tipli dövlət başçısından, ədalətli quruluşdan söz açıb. Dahi şair Nizaminin yaradıcılığının ən yüksək zirvəsi və Şərq poeziyasının ən parlaq incisi sayılan bu əsərində ideal cəmiyyət təsvir olunub.

Seminarın sonunda sənətşünaslıq üzrə fəlsəfə doktorları Nuridə İsmayılzadə, Nərminə Bayraməlibəyli, İmina Əliyeva, Arif Əsədullayev, böyük elmi işçi Zeynal İsayev və laboratoriyanın digər üzvləri mövzu ətrafında fikirlərini bildiriblər.