Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin XIX toplantısı onlayn formatda keçirilib.

Mərkəzin həmsədrləri – xanım Vaira Vike-Freiberga (Latviyanın eks-prezidenti) və İsmail Serageldinin (Misirin İsgəndəriyyə Kitabxanasının keçmiş direktoru) rəhbərliyi ilə gerçəkləşən toplantıya Xorvatiyanın sabiq dövlət başçısı İvo Josipovic, Bolqarıstanın sabiq prezidentləri Rosen Plevneliyev və Petar Stoyanov, Serbiyanın sabiq dövlət başçısı Boris Tadiç, eləcə də Filip Vuyanoviç (Monteneqronun eks-prezidenti), İv Löterm (Belçikanın sabiq baş naziri), Zlatko Lagumdzija (Bosniya və Herseqovinanın sabiq baş naziri), Amre Moussa (Ərəb Liqasının sabiq rəhbəri) və başqaları qatılıb.

Onlayn toplantıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Himayəçilər Şurasının sədri Elnur Əliyev, Mərkəzinin baş katibi Rövşən Muradov və baş katibin müavini İlahə İbrahimli də iştirak ediblər.

Həmsədrlər Vaira Vike-Freiberga və İsmail Serageldin Azərbaycan Prezidentinin Mərkəzin işinə diqqət və dəstəyini, qurumun fəaliyyətinin daim inkişaf etməsini yüksək qiymətləndiriblər.

Toplantıda COVİD-19 pandemiyası, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, Qarabağ müharibəsindən sonrakı inkişaf mərhələsi, Balkan ölkələrinin Avropaya inteqrasiyası, Əfqanıstanda sülh prosesi və onun regiona təsiri, Şanxay Əməkdaşlıq Təşkilatı, Avroatlantika münasibətləri və s. mövzular müzakirə edilib.

Həmsədrlər 2021-ci ilin Azərbaycan Prezidenti tərəfindən “Nizami Gəncəvi İli” elan olunduğunu və bu sahədə Mərkəzin aparıcı rol oynadığını, dünyanın nüfuzlu təşkilatları, o cümlədən Dünya Elmlər və Mədəniyyət Akademiyası, Metropolitan Muzeyi ilə əməkdaşlığın qurulduğunu, Beynəlxalq Türk Akademiyası ilə Nizami Gəncəviyə həsr olunmuş elmi konfransın keçirildiyini vurğulayıblar.

Toplantıda 2021-ci ildə keçirilməsi nəzərdə tutulan Qlobal Bakı Forumuna hazırlığa dair müzakirələr də aparılıb.