18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü yerlərdəki mədəniyyət müəssisələrində müxtəlif layihə və tədbirlərlə qeyd olunub.

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Poylu kənd tam orta məktəbinin 9-cu sinif şagirdləri rayon Tarix-Diyarşünaslıq Muzeyində ekskursiyada olublar.

Qazax Dövlət Rəsm Qalereyasının dərnək üzvlərinin əl işlərindən ibarət “Abidələrimizi qoruyaq” başlığı altında sərgi təşkil olunub.

Qazax rayon Heydər Əliyev Mərkəzi və “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə “Şanlı tariximizin daş yaddaşı” mövzusunda videokonfrans formatında görüş keçirilib.

***

Sabirabad Regional Mədəniyyət İdarəsinin kollektivi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Salyan Regional İdarəsinin Sabirabad rayonu üzrə nümayəndəsi İntiqam Ağamalıyev ilə birgə rayonun Şıxlar kəndindəki Səfəvilər dövrünə aid tarixi memarlıq abidəsi – “Baba Samid” türbəsini (1585) ziyarət edib. XIX əsrə aid tarixi hamam binası və 2006-cı ildə rayonun girişində ucaldılmış “Şəhidlər xiyabanı” xatirə kompleksinə də baxış keçirilib.

***

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam və Laçın rayonlarının Tarix-Diyarşünaslıq muzeyləri və Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş onlayn tədbir keçirilib.

***

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin Mərkəzi kitabxanasının Uşaq şöbəsi K.D.Uşinski adına tam orta məktəblə birlikdə “Gəncənin tarixi abidələrini tanıyaq və öyrənək” başlığı altında onlayn söhbət keçirib.

Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə Nizami Gəncəvi Məqbərə Kompleksi ərazisindəki Nizami Muzeyinin qarşısında tədbir keçirilib.

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin 6 saylı Gənclər kitabxana filialı “Tarixi abidələrimiz milli sərvətimizdir” adlı onlayn görüş keçirib.

Goranboy Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları və abidə mühafizəçiləri rayonun Rəhimli kəndi ərazisində yerləşən Mirzə Adıgözəl bəy və ailəsinə aid türbələrin önündə tədbir təşkil ediblər.