Abşeron rayonunda Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub

Aprelin 22-də Abşeron rayonu Qobustan kəndinin ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Palçıq Vulkanları Turizm Kompleksi Bakıdan 59 kilometr cənub-qərbdə, Qobustan qəsəbəsindən təxminən 17 kilometr şimal-qərbdə, Şamaxı istiqamətinə gedən əsas yolun üstündə dəniz səviyyəsindən 235 metr hündürlükdə yerləşən ərazidə yaradılacaq. Bura “Qılınc” palçıq vulkanlarının ərazisi kimi tanınır. Bu yerin turizm imkanları qiymətləndirildikdən sonra burada turizm kompleksinin yaradılması qərara alınıb. Beləliklə, “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində növbəti turizm infrastrukturunun yaradılması layihəsi icra olunur.

Qeyd edək ki, Azərbaycan dünyada palçıq vulkanlarının nadir inkişaf regionu kimi tanınır. Yer kürəsindəki məlum 1700-dək palçıq vulkanından 700-ü ölkəmizdə – əsasən Abşeron yarımadası, Şamaxı-Qobustan, Cənub-Şərqi Şirvan və Bakı arxipelaqındadır. Onlardan 350-si aktiv vulkandır.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev dövlətimizin başçısına və birinci xanıma kompleks barədə məlumat verib.

Bildirib ki, kompleksin binası yuxarıdan krater kimi görünəcək. Eyni zamanda burada emalatxana da fəaliyyət göstərəcək, uşaqlar üçün dərslər keçiləcək. Kompleksdə sərgi zalı və kafe də olacaq.

“Qılınc” palçıq vulkanlarının yerləşdiyi ərazidə turizm kompleksinin yaradılmasının bir sıra üstünlükləri var. Yaxınlıqda yerləşən və dünyanın ən böyük vulkanlarından olan “Torağay”a və digər vulkanlara mənzərənin açılması, burada turistlərə gəzinti üçün əlverişli şərait yaradan 3 müxtəlif vulkan qrupunun olması, habelə Qobustan Milli Tarix-Bədii Qoruğunun yaxınlığında yerləşməsi kimi amillər kompleksin turistik önəmini daha da artırır.

Dövlətimizin başçısı Palçıq Vulkanları Turizm Kompleksinin təməlini qoyub.

Sahəsi 12 hektar olan kompleksdə kvadrotsikl ərazisi, piyada yürüş yolları, zipline və baxış qülləsi, avtodayanacaq, suvenir dükanı, eləcə də müalicəvi vannalar nəzərdə tutulur.

Əraziyə gedən yol infrastrukturunun qurulması üçün Qobustan qoruğundan “Qılınc” və ətraf ərazilərdəki vulkanlara gediş-gəlişi təmin edəcək, eləcə də Bakı-Qobustan-Palçıq vulkanları turizm klasterinin yaranması ilə nəticələnəcək 20 kilometrlik yolun çəkilişi planlaşdırılır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva vulkanların yerləşdiyi ərazini gəziblər.

Xatırladaq ki, palçıq vulkanlarının əhəmiyyəti nəzərə alınaraq bu təbiət sərvətlərinin gələcək nəsillərə çatdırılması və respublikamızın təbii irsinin geniş miqyasda təbliğ olunması məqsədilə ölkə başçısının 2007-ci il 15 avqust tarixli sərəncamı ilə Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarının bir hissəsinin ərazisində “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu” yaradılıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 29 sentyabr tarixli sərəncamı ilə 12322,84 ha sahədə 43 palçıq vulkanının ərazisi qoruq elan edilib.