Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya filmi layihələri müsabiqəsinin növbəti, pitçinq  mərhələsi 27 aprel 2021-ci il  tarixində saat 10:00-dan 15:00-dək Azərbaycan Dövlət Film Fondunda keçiriləcək.

Bu mərhələdə bədii seçim mərhələsindən keçmiş 26 layihə (12 bədii film, 8 sənədli film, 6 animasiya filmi layihələri) müsabiqənin münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Müsabiqənin pitçinq mərhələsi canlı yayım formasında Dövlət Film Fondunun yeni yaradılan rəsmi “Youtube” kanalında nümayiş etdiriləcək. Pitçinqdə layihələrin təqdimatı müəlliflər tərəfindən keçiriləcək.

Münsiflər heyətinin rəyi əsasında müəyyən ediləcək ən yaxşı layihələr 30 aprel tarixində Mədəniyyət Nazirliyinin rəsmi internet saytında (www.mct.gov.az) və “Mədəniyyət” qəzetində elan ediləcək.

Qalib layihələr (5 bədii, 4 sənədli, 1 animasiya filmi) onları təqdim etmiş müəssisə tərəfindən Mədəniyyət Nazirliyinin sifarişi və maliyyə təminatı əsasında istehsal olunacaq.