Aprelin 25-də Sankt-Peterburqdakı Rusiya Etnoqrafiya Muzeyində “Uçan xalça: Şərqə səyahət” adlı ailə proqramı təqdim ediləcək. Tədbir iştirakçıları muzeydə nümayiş olunan Azərbaycan xalçaları və dekorativ-tətbiqi sənət nümunələri sərgisi ilə tanış olacaqlar.

Rusiyanın ən böyük etnoqrafik muzeyinin kolleksiyasında Azərbaycana aid zəngin xalçaçılıq və dekorativ-tətbiqi sənət nümunələri var. Rusiya Etnoqrafiya Muzeyinin ekspertləri Azərbaycan Milli Xalça Muzeyinin mütəxəssisləri ilə birgə bu nümunələr üzərində tədqiqat apararaq onların məişət təyinatını, istehsalat texnikasını, bədii xüsusiyyətlərini öyrəniblər. Bu il fevralın 18-də açılışı keçirilən “Tale ipini xalçaya toxuyaraq... Azərbaycan dekorativ-tətbiqi sənəti Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasında” adlı sərgidə yüzdən çox nadir eksponat təqdim edilir.

Sərgidə 40-dan çox xalça və xalça məmulat, habelə Azərbaycan sənətkarlarının XIX-XX əsrlərə aid digər dekorativ-tətbiqi sənət əsərləri nümayiş etdirilir. Əksəriyyəti XIX əsrin ikinci yarısı – ХХ əsrin ilk onilliyinə aid xalçalar arasında XVIII əsrin sonunda Bakıda toxunan əsrarəngiz “Suraxanı” xovlu xalçası da yer alır. Sərgidə Azərbaycanın bir çox tikmə, basmanaxış, mis üzərində döymə və qadın geyim nümunələri də təqdim olunur.

Muzeydə təşkil olunacaq “Uçan xalça: Şərqə səyahət” proqramının kuratoru Şərq simvolları və palaz hazırlanması texnikası mövzusunda mühazirə oxuyacaq, ənənəvi xalq bayramları, milli geyimlər, adət-ənənələr, sənətkarlıq və çay mədəniyyəti barədə söhbət açacaq. Uşaqlar yaradıcılıq emalatxanasında misilsiz “kəşflər” edə biləcəklər.

Proqram çərçivəsində Azərbaycan musiqisindən və milli rəqslərdən ibarət konsert təşkil olunacaq. Ziyarətçilər xalça sənətinə və xalq çalğı alətlərində ifaya həsr olunan ustad dərslərində iştirak edəcəklər. Şəhər sakinlərinə və qonaqlara Azərbaycan milli mətbəxinin ləziz nümunələri təklif ediləcək.