I yazı

Klassik ədəbi nümunələrin yeni səhnə forma və metodlarının tətbiqi ilə teatra qazandırılması, səhnəyə yol tapması daim aktual məsələlərdən olub. Müəyyən mübahisələr, yaxud mülahizələr fonunda sonda daim bir fikir digərlərini üstələyib: klassika hər zaman bəşəri ideyaların əsas obrazı kimi müasirdir. Elə isə bu kontekstdə bizim klassik irsə münasibətimiz hansı səviyyədədir? Konkretləşdirsək, bu il 880 illiyini qeyd etdiyimiz Nizami Gəncəvi əsərlərinin səhnə taleyi yeni yaradıcılıq nümunələrinin  meydana çıxması baxımından nə dərəcədə maraq doğurur?

Təqdim edəcəyimiz yazılarda Nizami Gəncəvi əsərlərinin səhnə taleyi, dramaturji, musiqili-xoreoqrafik həlli (dram əsərləri, opera və balet nümunələri) və Nizami obrazının özünün səhnə yoluna diqqət yetirəcəyik.

Mövzu ilə bağlı araşdırma apararkən əsas bələdçim mərhum tədqiqatçı, teatrşünas Fərman Rzayevin “Nizami Gəncəvi və teatr” kitabı oldu. Bu qiymətli nəşr vasitəsilə zəngin Nizami irsinin səhnədən keçən yoluna, qısa da olsa, nəzər salmağa çalışaq.

Onu da qeyd edək ki, hələ XVII əsrdən başlayaraq Nizaminin əsərləri və qəhrəmanları Qərb dramaturqlarının diqqətini cəlb edib və müxtəlif əsərlər yaranıb və bu, ayrıca bir yazının mövzusudur.

Ölkəmizdə Nizami obrazı və onun əsərlərinin səhnəyə gəlişi əsasən ötən əsrin 30-cu illərinin sonlarına təsadüf edir. Bu mənada Mehdi Hüseynin “Nizami”, Səməd Vurğunun “Fərhad və Şirin”, Abdulla Şaiqin “Nüşabə“ və “Fitnə”, Nazim Hikmətin “Məhəbbət haqqında dastan“ pyesləri, Niyazinin “Xosrov və Şirin” operası (libretto: M.Rəfili), Qara Qarayevin “Yeddi gözəl“ baleti (libretto: İ.Hidayətzadə, Y.Slonimski, S.Rəhman) və sadalamadığımız başqa səhnə nümunələri kifayət qədər populyardır.

Tədqiqatçı F.Rzayev bu məsələyə münasibət bildirərkən maraqlı şərh verir: “Nizami Gəncəvi əsərlərinin birbaşa səhnə təcəssümü imkanlarından söhbət açarkən, şairin öz yaradıcılığında səhnə, tamaşa ünsürlərinə geniş yer verməsini nəzərdən qaçırmamalı, məhz ilkin vəsait kimi onlara üz tutmalıyıq. Nizami yaradıcılığında səhnə leksikasının şərh metoduna çevrilməsi və fikir intişarı üçün istifadə edilməsi sübut edir ki, şair nəinki Şərq, eyni zamanda qədim Yunan və Roma mədəniyyətində səhnənin nə dərəcədə xüsusi mövqe tutduğunu bilir və buna böyük əhəmiyyət verirdi”.

Nizami əsərlərinin səhnə təcəssümündən danışarkən  1979-cu ildə Gəncədə, sairin vətənində onun şərəfinə yaradılan Nizami Poeziya Teatrının (sonradan Gəncə Dövlət Dram Teatrına birləşdirilib) fəaliyyətini xüsusi qeyd etmək lazımdır ki, bu da ayrıca bir yazıya mövzu ola bilər. Məhz bu teatrda şairin qəhrəmanları qismən səhnə variantına uyğun işlənilməklə, tamaşaçılarla görüşə gəldilər. Nəticədə “Slavyan gözəlinin nağılı”, “Xeyir və Şər”, “Gül və zəhər”, “Şairin gənclik illəri”, “Şair və hökmdar”, “Mahanın hekayəti”, “Zəhmət dastanı”, “Hikmət dastanı”,  “Xarəzm gözəlinin hekayəti”, “İsgəndər və Nüşabə”, “Məhəbbət dastanı”, “Ədalət sorağında”, “Bəhram şah” və başqa estetik baxımdan sintezli, dəyərli səhnə əsərləri yarandı. Bu teatrın səhnəsində Nizami qəhrəmanları ilə tamaşaçının ünsiyyəti geniş mənada təmin olundu.

Şairin yaradıcılığının çağdaş dramaturgiyamızda inikasına qayıdaraq bu prosesin niyə məhz 30-cu illərin sonlarına təsadüf etməsi barədə F.Rzayev kitabında qeyd etdiyi maraqlı arqumentlərə baxaq. Müəllif yazır ki, Nizami Gəncəvi irsinin öyrənilməsi, təbliği və müxtəlif səhnə əsərlərinin yaradılması şairin 800 illik yubileyinə hazırlıqla bir dövrdə başlamışdı və bu, əslində, sovet rejiminin ideoloji proqramı ilə bağlı idi: “Nizami Gəncəvinin yubiley təntənəsi sovetlərin ideoloji aparatı tərəfindən böyük təmtəraq və yüksək səviyyədə təşkil olunmuş, o vaxtkı sovetlər ölkəsində yaşayan ən qabil ədib, bəstəkar, müğənni, teatr kollektivləri bu tədbirin əsas iştirakçılarına çevrilmişdilər. Hətta müharibə alovlarının dağıdıcı anlarında belə, blokadada olan Leninqrad (Sankt-Peterburq) şəhərində (1943-cü il) Nizaminin yubileyi qeyd olunmuş və bu tədbirə bir çox yaradıcı şəxsiyyətlər qatılmış, dahi şairimizə həsr etdikləri əsərləri ifa etmişdilər. Təsəvvür edin ki, bu ideoloji, vətənpərvərlik tədbiri necə bir emosiyaya səbəb olmuşdur. Bəli, danmaq lazım deyil ki, sovet ideologiyası, onun psevdopatriot mövqeli məramlarını həyata keçirmək üçün heç nədən çəkinməmiş, xalqlar dostluğu məramı fonunda klassiklərin dəyərli irsindən bacarıqla istifadə etmişdilər”.

Bu ideoloji tələbin, qarşıya qoyulan məramın nəticəsi kimi Mirmehdi Seyidzadə 1940-cı ildə “Sevgi” adlı beşpərdəli dram əsəri yazır. Vətənpərvərlik ruhlu əsərini N.Gəncəvinin “Xosrov və Şirin” poeması əsasında qələmə alan müəllif şairin qəhrəmanlarının xüsusiyyətlərini öz obrazları vasitəsilə oxucuya çatdırmağa çalışıb.

Bu əsər həmin səhnə axınında özünə yol aça bilməsə də, bizim üçün Nizami yaradıcılığından bəhrələnmə kimi maraqlı mənbədir. Hərçənd araşdırma zamanı əsərin teatrlarda müzakirə edildiyini və səhnəyə hazırlandığını da görürük. Ola bilər ki, zamanının bədii şuraları, yaxud ideoloji nəzarət maşını müəllifin ana ideyasını – vətənpərvərlik şüarlarını doğru hesab etmir və onun səhnədən kütləvi təbliğatına mane olur.

M.Seyidzadənin teatr səhnəsində görmədiyimiz pyesindən fərqli olaraq Səməd Vurğunun eyni mövzulu “Fərhad və Şirin” dramı daha uğurlu səhnə ömrü yaşayıb. 1940-cı ildə yazılmış, 1941-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrında və sonrakı illərdə davamlı olaraq bir sıra teatrlarda səhnəyə qoyulmuş bu nümunə tarixi qəhrəmanlıq dramları silsiləsindən maraqlı əsərdir. Teatrşünas F.Kərimov əsəri şərh edərkən yazır: “Uzaq keçmişə, VI-VII əsrlərə gedib çıxan Nizaminin “Xosrov və Şirin” poeması əsasında S.Vurğun tərəfindən yazılmış bu əsərin quruluşu, süjet xətti, qəhrəmanların epizod və konfliktləri, əlbəttə ki, fərqli idi və Nizaminin çoxşaxəli poema-romanından fərqli olaraq, yalnız bir konflikti açıqlayacaq xətt üzərində qurulmuşdu. S.Vurğun əsərində ön plana çəkilmiş Fərhad həm böyük sənətkar, həm sərkərdə və eyni zamanda Vətənini, xalqını hədsiz vurğunluqla sevən bir qəhrəmandır. S.Vurğun bu məramını həyata keçirmək üçün əsərə Azər baba adlı bir nurani varlığı gətirməklə, ...tarixi hadisələrə sosial-ictimai məzmun verərək, Fərhadı bu el ağsaqqalının istək, arzu və məramını realizə edə biləcək bir fərd səviyyəsinə qaldırmışdı”.

1941-1949-cu illərdə Dövlət Akademik Dram Teatrında fasiləsiz oynanılan bu tamaşada görkəmli aktyorlar çıxış edərək səhnə işinin uğuruna öz töhfələrini veriblər. Onu da qeyd etməliyik ki, bu əsər ittifaqın bir sıra respublikalarında və sosialist düşərgəsində olan ölkələrdə də uğurla tamaşaya qoyulmuş, Azərbaycan xalqının mənəvi aləmini, soy-kökünü tanıtmaqda böyük rol oynamışdı.

N.Gəncəvinin “Yeddi gözəl” poemasından bir süjet 1946-cı ildə görkəmli ədib Abdulla Şaiq tərəfindən yazılmış “Fitnə” əsərində istifadə olunub. Poemanın baş qəhrəmanı Bəhramla onun kənizi, ağıllı və tədbirli, məslək və amalında, haqq yolunda mərd-mərdanə bir mövqedən çıxış edən Fitnə arasında baş verən epizod gözəl bir səhnə əsərinin yaranmasına səbəb olub.

Nizami yaradıcılığına zaman-zaman müraciət edən və onu yeni nəsillərə özünəməxsus incəliklərlə təqdim edən A.Şaiqin bu əsərinin premyerası 1947-ci ilin 23 sentyabrında Dövlət Gənc Tamaşaçılar Teatrında olub. Zəngin səhnə ömrü yaşayan əsər, əslində çağdaş dövrümüz üçün də maraqlı və aktual nümunədir.

Araşdırma zamanı diqqətimizi çəkən məqam Nizami Gəncəvinin bəlkə də ən möhtəşəm əsəri hesab olunan “İsgəndərnamə” poemasının süjetlərindən alınmış səhnə əsərlərinin azlığıdır. F.Rzayev kitabında bu barədə yazır: “Əslində, bu əsərin iki hissədən ibarət olması və hər bir hissənin fəlsəfi, dünyəvi, tarixi-hərbi mövzularla zənginliyi, demək olar ki, gözəl səhnə əsərləri üçün yüksək əyarlı süjetə malik bir xəzinədir.

Belə bir əsərin məhz səhnə-ekran variantlarının olmaması təəssüf hissi oyadır. Halbuki hələ 1940-cı illərdə dramaturq və incəsənət xadimlərimizin bu mövzulu əsərlərə meyli olduqca güclü olub.  Belə ədiblərdən biri yenə də Abdulla Şaiqdir. Onu da qeyd etməliyik ki, A.Şaiq qədər Nizami irisindən bəhrələnən, yeni orijinal əsərlər yaratmış ikinci bir müəlliflə qarşılaşmamışıq”.

Onu da qeyd edək ki, A.Şaiqin “İsgəndərnamə”dən bəhrələnərək qələmə aldığı “Nüşabə” mənzum dramı Azərbaycan Dövlət Dram Teatrının 1945-46-cı illər repertuarında öz əksini tapsa da, uzun müddət qala bilmir.

Ümumiyyətlə, teatrlarımızın cari repertuarlarında Nizami yaradıcılığına müraciəti barədə danışarkən daha çox uşaq və gənc profilli teatrlarda səhnəyə qoyulan “Xeyir və Şər” əsəri üzərində dayanmalıyıq. Zaman-zaman oynanılan bu əsər sonuncu dəfə yeni səhnələşdirmə kimi 2004-cü ildə Gənc Tamaşaçılar Teatrında oynanılıb və sonradan başqa teatrlarda da fərqli quruluşlarda göstərilib. Hazırda bir neçə teatrın repertuarında qalan əsər daha çox kukla tamaşası kimi uşaq və yeniyetmələr üçün göstərilir. Sanki Nizami irsi böyük yaş qrupu tamaşaçı üçün maraqsız və cəlbedici mövzu deyil...

Yəqin ki, pandemiya ilə müşayiət olunan “Nizami ili”ndə bir çox  teatrlarımız dahi şairin irsini, onun ruhunun zərrələrini öz yaradıcılıq emosiyalarından keçirməyə çalışacaqlar. Hər halda pandemiya, teatrların qapılarından asılan qapanma maskaları imkan versə, biz də ulu Nizaminin çağın tamaşaçısı ilə yeni görüşünü görə biləcəyik. Mövzumuz isə davam edir...

Həmidə NİZAMİQIZI