Paytaxtımızın aparıcı muzeyləri təkcə ekspozisiyasının zənginliyi ilə deyil, həm də diqqətəlayiq memarlıq həllinə malik binaları ilə də maraq doğurur. “Bir binanın tarixi” rubrikasında bu dəfə oxucularımıza Bakının memarlıq mənzərəsinə gözəllik bəxş edən möhtəşəm tikililərdən biri – Azərbaycan Milli İncəsənət Muzeyinin binası haqqında söz açacağıq.

Milli İncəsənət Muzeyi 1924-cü ildə Azərbaycan Dövlət Muzeyinin nəzdində İncəsənət şöbəsi kimi mövcud olub. Azərbaycan SSR Xalq Maarif Komissarlığının qərarı ilə 1936-cı ildə həmin şöbənin əsasında ayrıca muzeyin – Azərbaycan Dövlət İncəsənət Muzeyinin yaradılması qərara alınıb. 1937-ci ilin 6 may tarixində Azərbaycan Dövlət İncəsənət Muzeyinin ekspozisiyasının təntənəli açılışı keçirilib.

Qeyd edək ki, mədəniyyət ocağına 2011-ci ildə “Milli muzey” statusu verilib.

 

Lev de Burun sarayı

 

Milli İncəsənət Muzeyi iki korpusdan ibarətdir. Bunlardan biri Lev de Burun sarayı, digəri isə Mariinski Qadın gimnaziyasının binasıdır.

İlk olaraq vaxtilə “Lev de Burun sarayı” adlandırılan muzeyin birinci korpusu ilə tanış oluruq. Elmi-kütləvi işlər şöbəsinin müdiri Rəfiqə Quliyeva binanın tikilmə tarixi haqqında məlumat verir. Deyir ki, 26 fevral 1888-ci ildə Bakıda fəaliyyət göstərən holland neft maqnatı və “Kaspi Tərəfdaşlığı” Səhmdar Cəmiyyətinin əsasını qoymuş Lev de Bur (1840-1889) inşa etdirmək istədiyi ikimərtəbəli daş sarayın planının təsdiq edilməsi üçün Bakı Şəhər Şurasına müraciət edir və həmin ilin 18 aprelində Sadovaya küçəsində (indiki Niyazi küçəsi) bina üçün yer ayrılır. Mühəndislər Nikolay fon der Nonne ilə Anton Kandinov sarayın planı üzərində işləsələr də, layihədə ikincinin imzası yoxdur. 31 avqust 1888-ci ildə sarayın inşa layihəsi təsdiqlənir və inşaat işlərinə başlanılır. Memar N.Nonne binanın layihəsini işləyərkən onun qonşuluqdakı binalarla ahəng təşkil etməsinə xüsusi diqqət yetirmişdi.

Memarlıq elmləri doktoru, mərhum akademik Şamil Fətullayev “Bakı memarları” kitabında N.Nonnenin layihəsi haqqında yazır ki, bu bina plastik vasitələrdən fəal istifadə edilməklə həcmi fəza həllinin həyata keçirilməsində ilk və sonuncu cəhd idi. Bu, şəhərdə müstəvi ölçülü tikililər arasında üçölçülü kimi qavranılan yeganə tarixi binadır.

Hələ binada tikinti işləri aparıldığı vaxt – 1889-cu ildə de Bur vəfat edir. Onun varisləri 1891-ci ilin yanvarında yarımçıq tikilini “Kaspi Tərəfdaşlığı” Səhmdar Cəmiyyətinə satırlar. Bina cəmiyyətin mülkiyyətinə keçdiyi üçün memarlar ilkin planda bəzi dəyişiklər edirlər. Yaşayış və inzibati bina kimi istifadə ediləcəyi üçün tikilinin əsas fasadında eyvanla birlikdə iki çıxış qapısı inşa edilir. Eyvanlardan Mixaylovski bağına (indiki Filarmoniya bağı) mənzərə açılır.

1918-ci ilin avqustunda general Vilyam Tomsonun başçılıq etdiyi ingilis komandanlığının qərargahı bu binaya yerləşdirilir. Həmin il sentyabrın 15-də ağır döyüşlərdən sonra Azərbaycan Xalq Cümhuriyyəti Ordusu və Nuru paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu Bakını bolşevik-daşnak və ingilis hərbi dəstələrindən azad edir. Bundan sonra milli hökumət Bakıya köçür. Cümhuriyyətin Xarici İşlər Nazirliyi bu binada fəaliyyət göstərir.

28 aprel 1920-ci ildə Rusiyanın işğalı ilə Cümhuriyyət süquta uğradıqdan sonra Azərbaycanda sovet hakimiyyəti quruldu. Nəriman Nərimanov Azərbaycan İnqilab Komitəsinin, 1921-ci ildə  Xalq Komissarları Şurasının – hökumətin sədri oldu. Şura de Burun sarayında fəaliyyət göstərməyə başladı. Nərimanovun ailəsi isə sarayın ikinci mərtəbəsində yaşayırdı. 1930-cu illərdə sarayda kiçik yenidənqurma işləri aparılır və binanın sol tərəfində bağ yaradılır.

1933-cü ildə bina Azərbaycan Kommunist Partiyasının Birinci katibi Mircəfər Bağırovun ailəsinin ixtiyarına verilir. 1951-ci ildə M.Bağırov sarayın açarını şəxsən Azərbaycan Milli İncəsənət Muzeyinin rəhbəri, Xalq rəssamı Kazım Kazımzadəyə bağışlayır və bu günə kimi saray muzeyin I korpusu kimi fəaliyyət göstərir.

Muzeyin təntənəli qəbulları üçün nəzərdə tutulmuş iki zalı var. Zala daxil olduqda iki qoşa güzgülü buxarılar göz oxşayır. Zalın səhnəni xatırladan hissəsindəki qoşa sütun məkanı iki yerə ayırır.

Sarayın digər qəbul zalı da qoşa sütunla iki hissəyə bölünür. Ekspozisiya planına əsasən, kolleksiyanı Qərbi Avropa və Şərq incəsənəti təşkil edir.

 

Mariinski Qadın gimnaziyası

 

Muzeyin birinci korpusundan ayrılıb digər binaya yollanırıq. Həmsöhbətim söyləyir ki, 1992-ci ildə kompleksin məkanını genişləndirmək məqsədilə 1880-ci illərin sonunda memar Mixail Denisoviç Botovun layihəsi əsasında inşa olunmuş, vaxtilə Rusiya imperatriçəsi Mariya Fyodorovnanın (çar III Aleksandrın həyat yoldaşı) adını daşıyan Mariinski Qadın gimnaziyasının yerləşdiyi bina da muzeyin istifadəsinə verilib.

Rəfiqə Quliyeva deyir ki, 1874-cü ildə Bakı Şəhər Şurası Bakı Qızlar gimnaziyasının yaradılması haqqında qərar qəbul edir. Gimnaziyanın yaradılması qərarı olsa da, onun yerləşdirilməsi üçün şəhərdə müvafiq bina yox idi.

1884-cü ilin sentyabrında Mariinski Qadın gimnaziyasının Himayədarlar şurası tikinti işlərinin tenderini elan edir.

Binanın layihəsi mülki mühəndis Mixail Denisoviç Botov tərəfindən hazırlanır. Lakin şəhər idarəçiliyi kifayət qədər maliyyə vəsaitinə malik olmadığına görə bütün yük Himayədarlar şurasının üzərinə düşür. Həmin dövrdə Moskvadan olan tanınmış tikinti podratçısı V.N.Qirş Bakıya gəlmişdi. Onun firması Bakıda bəzi yol və səkilərə kirəmit döşənməsi ilə məşğul idi. O, bu problem haqqında eşidən kimi gimnaziya üçün yeni binanın tikintisində kömək edəcəyini söz verir və inşaat işlərinə başlanılır. Nəhayət, 1887-ci il, sentyabrın 26-da Mariinski Qadın gimnaziyası (Qızlar məktəbi) üçün binanın açılış mərasimi keçirilir.

***

Şöbə müdiri bildirir ki, 2006-cı ilin iyulunda Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan Milli İncəsənət Muzeyinin binasının ikinci korpusunda (Mariinski Qadın gimnaziyası) yenidənqurma və təmir işlərinə başlanılır. 2009-cu ilin sentyabrında dövlət başçısı təmirdən sonra istifadəyə verilən muzeyin binası ilə tanış olur. Bu zaman muzeyin iki binasını birləşdirən keçid korpusunun tikilməsi haqqında tapşırıq verir. 7 iyun 2013-cü ildə keçid korpusunun açılışı reallaşır.

2014-2018-ci illərdə İtaliya və Azərbaycan mütəxəssislərinin birgə səyləri ilə muzeyin birinci korpusunda (De Burun sarayı) əsaslı bərpa-təmir işləri həyata keçirilib. Yenidənqurma və əsaslı təmir işləri ilə yanaşı, binada ekspozisiya zalları genişləndirilib, binanın seysmik davamlılığı artırılıb.

Milli İncəsənət Muzeyinin ikinci korpusu qədim dövrdən XIX əsrin sonlarına kimi Azərbaycan incəsənətini əhatə edir. Ekspozisiya zallarında müxtəlif dövrlərə aid xalq tətbiqi sənət nümunələri, xüsusilə Azərbaycan xalçalarının müxtəlif qruplarına aid olan nadir növlər, həmçinin arxeoloji qazıntılar zamanı əldə edilmiş unikal sənət əsərləri, milli geyimlər, bədii tikmələr, bədii metal nümunələri sərgilənir.

Ölkəmizin aparıcı mədəniyyət ocaqlarından biri olan Azərbaycan Milli İncəsənət Muzeyində ümumilikdə 18 000-dən artıq eksponat (2300 eksponat nümayiş olunur) saxlanılır. Muzeydə milli təsviri və tətbiqi sənət nümunələri ilə bərabər, ölkəmizin çoxəsrlik geniş mədəni əlaqələrindən xəbər verən Qərb və Şərq incəsənətinə aid nümunələr də təqdim olunur.

Nurəddin MƏMMƏDLİ