Alman portalında Xalq rəssamı Rasim Babayev haqqında məqalə

Almaniyanın “Wildeast” portalında alman publisist-tərcüməçi Hayke Maria Yohenninqin müəllifliyi ilə “Rasim Babayev – Qafqazın Pikassosu” başlıqlı məqaləsi dərc olunub.

Müəllif məqaləsində Qərbdə nisbətən az tanınan Azərbaycanın Xalq rəssamı Rasim Babayev (1927-2007) haqqında bəhs edir. Bildirilir ki, Bakıda anadan olan Rasim Babayev 1945-1949-cu illərdə Dövlət Rəssamlıq Məktəbində təhsil alır, sonra təhsilini davam etdirmək üçün Moskvaya gedir. Lakin onun sənət baxımından Moskvadan olan gözləntiləri özünü doğrultmur. Puşkin Muzeyində Stalinə hədiyyə məqsədilə verilmiş çoxsaylı, yaradıcı nöqteyi-nəzərdən zəif əsərlərlə rastlaşır. 1956-cı ildə o, əsərlərindəki “formalizm”ə görə tənqid olunur, daha sonra təhsilini yarımçıq qoyaraq Bakıya geri qayıdır və ömrünün sonuna kimi Bakıda fəaliyyət göstərir.

Müəllif ekspressionist sənətkarın Abşeron rəssamlıq məktəbinin məşhur təmsilçisi olduğunu vurğulayır.

Məqalədə qeyd olunur ki, azad yaradıcı ruha malik R.Babayevin əsərlərində uşaqlıqdan oxuduğu nağıllar vasitəsilə onun xatirələrində dərin iz buraxmış “div” (qorxunc varlıq) motivləri üstünlük təşkil edib. Sovet ideologiyasına tənqidi yanaşan sənətkar öz əsərlərində bu motivlərdən mövcud rejimi təsvir etmək üçün də istifadə edib.

Məqalədə bildirilir ki, Rasim Babayev Azərbaycanın ən görkəmli rəssamlarından biri hesab olunur. 2008-ci ildə Nyu-Yorkda, 2014-cü ildə isə Sankt-Peterburqdakı Dövlət Rus Muzeyində R.Babayevin əsərlərinin təqdimatı keçirilib. Hazırda R.Babayevin əsərlərinə Azərbaycan, Rusiya, ABŞ və Fransa muzeylərində və qalereyalarında rast gəlmək mümkündür.