İsveçin “Husqvarna Group” və Niderlandın “Overstory” şirkətləri kompüter görüntüsü və peyk çəkilişlərinin dərin öyrənmə üsullarını tətbiq etməklə dünya şəhərlərində yaşıl sahələrin payı (o cümlədən meşə-ağaclar və çəmən-qazon, şəhər bitki örtüyünün əhali sayına nisbəti və s. meyarlara görə yaşıllaşma indeksini (“Husqvarna Urban Green Space İndex” – HUGSİ) müəyyənləşdiriblər.

HUGSİ-nin saytında (www.hugsi.green) təqdim olunan siyahıya görə, 2021-ci ilin əvvəlinə dünyanın ən yaşıl şəhəri ABŞ-ın Şimali Karolina ştatının Şarlott şəhəridir. Bu şəhərin yaşıllıq səviyyəsi 81,12 bəndlə (maksimum – 100) qiymətləndirilib. Yaşıllıqlar  şəhərin ümumi ərazisinin 68%-ni əhatə edir.

İkinci pillədə 79,28 bəndlə Cənubi Afrikanın Durban şəhəridir. Burada ümumi yaşıllıq şəhərin 59%-ni təşkil edir. Üçüncü yerdə isə Litvanın paytaxtı Vilnüs şəhəri 77,96 bənd, yaşıllıq sahələri 62%-ni əhatə edir.

İlk onluqda sonrakı yerlərdə Dortmund (Almaniya), Krakov (Polşa), Ştutqart (Almaniya), Ostin (ABŞ), Vürtsburq (Almaniya), Sürix (İsveçrə) və Heydelberq (Almaniya) var.

Estoniyanın paytaxtı Tallinn 56-cı, Rusiyanın paytaxtı Moskva 69-cu, Ukraynanın paytaxtı Kiyev 100-cü, Latviyanın paytaxtı Riqa 102-ci yerdədir. Keçmiş sovet məkanından başqa şəhərlər siyahıda yer almayıb. Türkiyənin İstanbul şəhəri 122-cidir.

Renkinqin autsayderləri isə 153-155-ci yerlərdə qərarlaşan Dubay (BƏƏ), Kəraçi (Pakistan) və Lima (Peru) şəhərləridir.