Pandemiya səbəbindən 25 aprelə ertələnən (ənənəvi olaraq fevralda keçirilirdi) və məhdud iştirakçı sayı ilə, amma iyirmi ildir dəyişməyən məkanında (Los-Ancelesdəki “Dolby” teatrı) gerçəkləşən Amerika Kino Akademiyasının 93-cü “Oskar” mərasimində mükafatçılar elan edilib.

“Oskar” heykəlciklərinin ən nüfuzlusu (“Ən yaxşı film” nominasiyası) Amerikada yaşayan çinli rejissor Xloya Çjaonun “Köçərilər yurdu” (“Nomadland”) filminə verilib. Ekran əsəri 60 yaşından sonra işini itirmiş amerikalı qadının avtofurqonla köçəri həyata başlamasından bəhs edir. Film əsas mükafatdan savayı daha iki nominasiyada – ”Ən yaxşı rejissor işi” (Xloya Çjao) və “Ən yaxşı qadın rolu” (Frensis Makdormand) üzrə “Oskar”a layiq görülüb.

Yeri gəlmişkən, X.Çjao “Oskar” tarixində bu uğura nail olan ikinci (2010-cu ildə Ketrin Bigelou (Kathryn Bigelow) olmuşdu) qadın rejissordur. Onu da qeyd edək ki, “Köçərilər yurdu” “Oskar”a gedən yolda bir neçə mükafat (ötən il Toronto və Venesiya festivallarında qalibiyyət, bu il “Qızıl qlobus” və BAFTA mükafatları) əldə etmişdi və bu uğur gözənilən idi.

Digər nominasiyalara gəlincə, “Ata” filmində baş qəhrəmanı oynamış 83 yaşlı Entoni Hopkins “Ən yaxşı kişi rolu” nominasiyasında ikinci dəfə “Oskar”a (ilk dəfə 1992-ci ildə “Quzuların susqunluğu” filmi ilə qazanmışdı) layiq görülüb.

“Ən yaxşı orijinal ssenari” nominasiyasında rejissor Emirald Fenelin “Ümid verən qız”, ən yaxşı operator və quruluşçu rəssam işinə görə Devid Finçerin “Mank”, “Ən yaxşı xarici film” nominasiyasında danimarkalı Tomas Vintenberqin “Daha bir raund”, “Ən yaxşı animasiya filmi” nominasiyasında Piter Dokter və Kemp Pauersin “Ruh”, ən yaxşı qısametrajlı oyun filmi olaraq “İki uzaq qərib” və tammetrajlı sənədli film olaraq “Mənim müəllimim – səkkizayaq” filmləri “Oskar” mükafatlarını qazanıblar.