Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə mayın 30-dan iyunun 3-dək Daşkənd və Səmərqənd şəhərlərində “Nizami Gəncəvi və Əlişir Nəvai ədəbiyyat və sənət günləri” keçiriləcək.

Azərbaycan Prezidenti tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi İli" elan olunması, habelə Özbəkistan Prezidentinin  Əlişir Nəvainin 580 illiyi haqqında sərəncamı ilə əlaqədar AMM iki böyük söz ustadına həsr olunmuş silsilə tədbirlərin keçirilməsini nəzərdə tutub. Tədbirlərə Azərbaycanın və Özbəkistanın Mədəniyyət nazirlikləri, Özbəkistan Yazıçılar Birliyi, Azərbaycanın bu ölkədəki səfirliyi, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti və digər qurumlar dəstək göstərir.

Mayın 30-da Əlişir Nəvai adına Dövlət Ədəbiyyat Muzeyində azərbaycanlı türkoloq, professor Ramiz Əskərin dilimizə tərcümə etdiyi Əlişir Nəvainin “Xəmsə” kitabının təqdimat mərasimi keçiriləcək.

Mayın 31-də Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində işə başlayacaq "Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı Türk dünyasının qürur mənbəyi, dünya ədəbiyyatının zirvəsidir" mövzusunda beynəlxalq konfransa Azərbaycan və Türkiyədən qatılacaq.

İyunun 1-də Özbəkistan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda “Nizami Gəncəvi və Əlişir Nəvai əsərləri miniatürlərdə” adlı sərgi açılacaq, habelə Nizami Gəncəvinin özbək dilinə ilk dəfə tam şəkildə tərcümə olunan “Xəmsə” əsərinin təqdimatı nəzərdə tutulub.

İyunun 2-də Səmərqənd şəhərindəki Həmid Əlimcan adına Dövlət Musiqili Dram Teatrının qarşısında açıq havada "Nizami Gəncəvi və Əlişir Nəvai – dostluğumuzun və ədəbi əlaqələrimizin zirvəsi" adlı dostluq konserti keçiriləcək.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Əməkdar artisti Əyyub Quliyevin rəhbərliyi ilə Özbəkistan Milli Simfonik Orkestrinin ifasında  Nizaminin və Nəvainin sözlərinə yazılmış əsərlər  də səslənəcək.

Tədbirlər çərçivəsində Səmərqənd Dövlət Universitetində AMM-in təşəbbüsü ilə hazırlanan və Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan “Oltin koprik: Qızıl körpü” sənədli filminin nümayişi nəzərdə tutulub.

"Nizami Gəncəvi və Əlişir Nəvai ədəbiyyat və sənət günləri"ndə Özbəkistanın aparıcı kitabxanalarına Nizami Gəncəvinin özbək dilinə tərcümə edilən “Xəmsə”si, habelə şairin yaradıcılığına dair kitablar hədiyyə olunacaq.