Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə yardımı ilə “Xarı bülbül” (Kharibulbul) musiqi albomu ictimaiyyətə təqdim olunub.

Layihənin rəhbəri Parisdə yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı, pianoçu-bəstəkar Etibar Əsədli, layihənin musiqi redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətovdur.

Musiqi albomu Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsində şanlı Qələbəyə həsr olunub. Vətən müharibəsinin simvoluna çevrilmiş xarı bülbül çiçəyinin adı verilmiş layihədə Ali Baş Komandanın ətrafında birləşən dünyanın dörd bir yanındakı həmvətənlərimizin birliyi və bərabərliyi də öz əksini tapıb.

Diskdə Azərbaycan musiqilərinin ən gözəl nümunələri, bəstəkar mahnıları yer alıb. Diskin içində xarı bülbül və ifaçılar haqqında ingilis dilində məlumat yerləşdirilib.

Albomda Etibar Əsədli, İlham Nəzərov, Müşfiq Quliyev, Sahib Əsədli, Elnur Hüseynov, Tutu Aydınoğlu, Şəhriyar İmanov, Samirə Əfəndi, Məhərrəm Hüseynov, İsmayıl Zeynalov, İmamyar Həsənov, Ələfsər Rəhimov, Ağarəhim Quliyev və başqa musiqiçilərin ifaları yer alıb. Diskdə tar, kamança, balabanda olan ifaların milli musiqimizin dünyada tanıdılmasına töhfə olacağını düşünən layihə təşkilatçıları repertuar seçiminə də xüsusi diqqət ayırıb.