Türkiyənin UNESCO-nun Dünya İrsi Siyahısında yer alan tarixi-mədəni abidə və  məkanlarının sayı 85-ə çatıb. Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bu günlərdə iki mədəniyyət abidəsi sözügedən siyahıya daxil edilib.

Ərzincan vilayəti (il) Kemaliye qəsəbəsi və Mardin vilayətindəki Midyat ətrafı (Tur Abdin) Antik və Orta əsrlər monastırları Dünya İrsi Siyahısına salınıb.

Tarixən karvan yolları üzərində yerləşən Kemaliye qəsəbəsi bənzərsiz şəhər quruluşu, memarlığı və orijinal evləri ilə seçilir. Qəsəbədən 4-5 kilometr aralıdakı Dilli vadisində qədim türklərin izlərinə rast gəlmək olar. Dilli vadisində petroqliflər və möhürlər üzərində aparılan tədqiqatlar nəticəsində əldə edilən məlumatlar türk mədəniyyət tarixi baxımından əhəmiyyət kəsb edir.

Tur Abdin bölgəsi isə xristianlığın ilk dövrlərinə aid monastır memarlığı nümunələri ilə tanınır.  Burada tarix boyu suriyalı pravoslav icması ilə bağlı özünəməxsus memarlıq üslubu ortaya çıxıb. VI və VIII əsrlərə aid edilən bu abidələr həm də bölgənin xarakterini anlamağa imkan verir. Ətrafındakı terraslı üzüm bağları zeytun və badam ağacları ilə təsiredici bir mənzərə yaradır. Bu abidələr Türkiyədəki fərqli inancların zəngin mədəni irsinin mühüm bir nümunəsini də təşkil edir.

Ümumiyyətlə, son illər ərzində çox sayda tarixi abidənin aşkarlandığı Türkiyədə milli-mədəni sərvətin əsasını təşkil edən tarixi yer və abidələrin qorunmasına xüsusi diqqət yetirilir.

Nazirliyin məlumatına əsasən, hazırda qardaş ölkədə qeydiyyatdan keçirilən 116 min 217 daşınmaz tarix-mədəniyyət abidəsi var. Hələ də araşdırılması davam edən tarixi abidələrin sayı isə artmaqda davam edir. Ölkədəki bütün bu mədəni sərvətlərin qorunması istiqamətində fəaliyyətlər milli qanunvericiliklə yanaşı, UNESCO-nun, Abidələrin və Tarixi Yerlərin Mühafizəsi üzrə Beynəlxalq Şuranın (İCOMOS), Mədəni Sərvətlərin Qorunması və Bərpası üzrə Beynəlxalq Tədqiqatlar Mərkəzinin (İCCROM) müvafiq qaydaları və təlimatları çərçivəsində həyata keçirilir. Hazırda əsas arxeoloji qazıntılar qədim şəhərlərin gün üzünə çıxarılması istiqamətində aparılır.

Mehparə SULTANOVA
Ankara