AMEA-nın Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Seyfəddin Rzasoyun “Nizami Gəncəvi: etnogenez və mifologiya” kitabı nəşr olunub.

Nəşrdə Azərbaycan-Oğuz mifologiyası, XII əsr İntibahı şəraitində Nizaminin mifoloji motivlərə müraciətinin nəzəri-estetik şərtləri və tarixi-etnik şəraiti, sənətkarın “Yeddi gözəl” poemasında təbiət və cəmiyyətin vəhdəti konsepsiyası, Bəhram və Oğuz ovçuluq kultu, ictimai-əxlaqi ideya və əski əsatirlər, poemadakı “Xeyir və Şər” nağılında Azərbaycan-Oğuz əsatirlərindən istifadə və s. məsələlərdən bəhs olunur.

Kitabda həmçinin müəllifin 1986-cı ildə müdafiə etdiyi diplom işinin mətni olduğu kimi təqdim edilir. Yeni nəşr alimin “Nizami Gəncəvi İli”nə töhfəsidir.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabın elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Mürsəl Həkimov, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent İsrail Mustafayevdir.