Beynəlxalq Muğam Mərkəzi (BMM) Bakı Yunus Əmrə İnstitutu ilə əməkdaşlıq çərçivəsində daha bir layihəyə imza atıb.

Beynəlxalq Muğam Mərkəzinin solistləri, Əməkdar artist İlkin Əhmədov və Almaxanım Əhmədlinin sözləri və musiqisi Kazım Qarabəkir Paşaya aid olan “Türk yılmaz” marşını ifa ediblər.

Bakı Yunus Əmrə İnstitutunun sosial media hesabında bununla bağlı paylaşımda “Tarixi həqiqətləri təhrif edənlərə Azərbaycandan bir cavab” sözləri qeyd olunub. Eyni zamanda, həmin marşdakı “Cihan yıkılsa, Türk yılmaz!” sözləri xüsusi olaraq vurğulanır.

Qeyd edək ki, Bakı Yunus Əmrə İnstitutu və BMM-nin birgə layihəsi əsasında hazırlanan “Nizamidən Yunusa. Birlik ilə baxmaq” tamaşası mayın 7-də nümayiş olunacaq. Yunus Əmrə və Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən tamaşa Azərbaycan Milli Konservasiyası tərkibində İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında təqdim ediləcək.