Mayın 3-də İslam Dünyası Elm, Təhsil və Mədəniyyət təşkilatının (İCESCO) yaranmasının 39-cu ildönümü tamam olub. Əlamətdar gün münasibətilə təşkilatın baş ofisinin açıqlaması yayılıb.

Açıqlamada bildirilir ki, İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının və 1981-ci ilin yanvarında Məkkədə keçirilmiş İslam Konfransı Sammitinin qərarlarına əsasən 1982-ci il mayın 3-də təsis edilən İCESCO üzv ölkələrdə elm, təhsil və mədəniyyətin inkişafı ilə yanaşı, bəşəriyyətin tərəqqisinə də mühüm töhfə verib. Müxtəlif regional və beynəlxalq transformasiyalara baxmayaraq, İCESCO bu illər ərzində müsəlman aləmində gənclərin işıqlı gələcəyi naminə elmin və təhsilin yeni standartlara uyğun dirçəldilməsi, keyfiyyətcə daha yüksək mərhələyə daxil olması istiqamətində layihə və proqramlar həyata keçirib.

 “Ötən illər ərzində biz qlobal dəyişikliklərin şahidi olduq. İCESCO bununla əlaqədar elm, təhsil və mədəniyyət sahələrində yeni baxış və gələcəyə yönəlmiş təkliflərlə çıxış edib. Həyata keçirilən proqramlar COVID-19 pandemiyasının ağır nəticələrini aradan qaldırmağa imkan verib. Bu səylərin nəticəsində İCESCO üzv ölkələrin və beynəlxalq təşkilatların daha yüksək etimadını qazanıb. Təşkilat gələcəkdə də İslam ölkələrinin konsolidasiyasına nail olmağa və uğurlu inkişafa töhfə verməyə davam edəcək” – deyə təşkilatın açıqlamasında vurğulanır.